Azərbaycanlı fəal Kiyumərs İslami və ailəsi Ettelaat İdarəsi tərəfindən təhdid edilir

Azərbaycanlı fəal Kiyumərs İslami və ailəsi Ettelaat İdarəsi tərəfindən təhdid edilir

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami və onun ailə üzvləri Parsabad şəhərinin Ettelaat İdarəsi tərəfindən təhdid və təzyiqlərə məruz qalır.

 

Əldə etdiyimiz məlumata görə, fəala zəng edən Ettelaat əməkdaşları onu bir neçə dəfə idarəyə çağırıb, mədəni fəaliyyətlərindən uzaqlaşması üçün öhdəlik gösterməsini tələb ediblər. Onlar azərbaycanlı fəaldan Ettelaat İdarəsi ilə əməkdaşlıq etməsini də istəyiblər. Ona bildirilib ki, “yalnız bu şəkildə Babək qalası mərasimi ilə bağlı baxılmaqda olan dosyeni bir dəfəlik bağlamaq  mümkündür.”

 

Ettelaat əməkdaşları K.İslaminin tanınmış fəal Abbas Lisani ilə onun iş yerində gösrüşməsindən də narahat olduqlarını qeyd ediblər. Fəala bildirlib ki, görüşdən sosial şəbəkələrdə yayılan şəkillər onun Ettelaat İdarəsindəki dosyesinə əlavə olunacaq.

 

Ettelaat əməkdaşları K.İslaminin ailə üzvlərinə də zəng ediblər. Eyni tələbləri irəli sürən məmurlar fəalın idarəyə müraciət etməyəcəyi təqdirdə ona qarşı ciddi tədbir alınacağını bildirib. İslami Ailəsinə xəbərdarlıq edilib ki, “Kiyumərs bütün mədəni fəaliyyətlərdən uzaq olmalıdır, əks halda fəal və ailənin digər üzvləri bütün ictimai hüquqlardan (məsələn hökumət işində çalışmaq) məhrum olunacaq.”

 

Məlumata görə, K.İslami Ettelaat İdarəsinin bütün tələblərini rədd edərək onlardan qanuna riayət etmələrini və bir daha zəng etməmələrini istəyib.

 

Ettelaat İdarəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəallara qarşı eyni davranışı sərgiləyərək onları mədəni fəaliyətlərdən çəkindirməyə çalışır.

 

Parsabad sakini K.İslami iyulun 3-ü sübh saatlarında, Babək qalası yürüşü ərəfəsində öz evində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o təxminən 40 gün saxlandıqdan sonra 120 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, mühakimə edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Beynəlxalq Əfv Təşkilatı ötən günlərdə təzyiq altında olan azərbaycanlı milli-mədəni fəallarla bağlı geniş bəyanat yayaraq təcridxanada saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edərək onlara qarşı bütün işgəncə və təzyiqlərin dayandırılmasını istəyib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN