Azərbaycanlı fəal Müctəba Pərvinin məhkəmə iclası keçirilib

Azərbaycanlı fəal Müctəba Pərvinin məhkəmə iclası keçirilib

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvinin Ərdəbildə məhkəmə iclası keçirilib.

 

Azərbaycanlı fəal avqustun 18-də Məhkəmənin Elektron  Sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən özünü müdafiə etmək məqsədi ilə Ərdəbil Ümumi və Hüquqi Məhkəməsinin 9-cu şöbəsinə müraciət edib.

 

Çağırış vərəqəsində qeyd olunduğu kimi, məhkəmə iclası dövlət avtomobilinə vurulan ziyanın ödənilməsi, məhkəmə prosesi ilə əlaqədar önədiləcək məbləğ və ödənilməsi təxirə düşən ziyanın tələbi ilə bağlı olub. Fəal bundan əvvəlki məhkəmə proseslərində olduğu kimi, irəli sürülən ittihamları rədd edərək məhkəmə prosesinin gedişatını qanunsuz adlandırıb.

 

Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.

 

Son məhkəmə iclasının sözdə avtomobilə dəyən ziyanın miqdarının təyin edilməsi ilə bağlı keçirildiyi ehtimal olunur.

 

Qeyd edək ki, bu dosyedə fəalin şikayətçisi Polis İdarəsi, şahidləri isə polis əməkdaşlarıdır. Həbs hökmünün çıxarılmasında Ərdəbil Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəssizlik Bölümünün yanvar ayında fəalın dosyesi ilə bağlı təqdim etdikləri hesabatlar da xüsusi rol oynayıb. Bu cəhətdən azərbaycanlı fəal məhkəməni öz müstəqilliyini qorumağa çağıraraq təhlükəsizlik orqanlarının quraşdırdığı dosyelər əsasında çıxarılan hökmlərin qanunsuz olduğunu vurğulayıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN