Azərbaycanlı fəal Səccad Monadi 12 ay həbs cəzasına məhkum edilib

Azərbaycanlı fəal Səccad Monadi 12 ay həbs cəzasına məhkum edilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səccad Monadi 12 ay azadlıqdan məhrum edilib.

 

Bu barədə Parsabad 2 nömrəli Cəza Məhkəməsinin 102-ci Şöbəsinin rəisi Firuz Fərahani Məzrəə Cahan yanvarın 8-də hökm çıxarıb.

 

Azərbaycanlı fəal millətçi məhbuslara dəstək vermək və milli zəmində fəaliyyət göstərmək ittihamı ilə həbs cəzasına məhkum edilib.

 

Muğan məntəqəsində fəaliyyət göstərən azərbaycanlı milli fəalların əksəriyətinin məhkəmə işinə hakim Firuz Fərahani Məzrəə Cahan baxır. O Muğan Ettelaat Şöbəsinin rəisi Həzrətinin diktəsi ilə fəallar barəsində ağır həbs qərarı çıxarır.

 

Hökmdə qeyd olunub ki, Səccad Monadi milli zəmində geniş fəaliyyət göstərir, GAMAC Təşkilatı və milli məsələyə görə həbs olunan azərbaycanlı fəallara dəstək nümayiş etdirir. Son vaxtlar fəaliyyətini artıran S.Monadi “Muğan- Azərbaycan Milli Hərəkatı” Təşkilatı ilə də  gizlicə əməkdaşlıq edir. O divarlara şüar yazmaq və həmin görüntüləri millətçi cərəyana bağlı mətbuat orqanlarına çatdırmaqda da fəal iştirak edir. Səccad Monadi milli zəmində fəal olan şəxslərin fəaliyyəti barədə müxtəlif materiallar və sənədli filmlər hazırlamaq və onları daxili və xarici kütləvi informasiya vasitələrinə yaymaqda da fəaldır.

 

Hökmdə həmçinin qeyd olunub ki, Səccad Monadi həbsdə olan azərbaycanlı fəallara dəstək vermək məqsədi ilə divarlara “İbrahim Nuri azad olsun”, “İbrahim Nuriyə azadlıq”, “Siyamək Mirzayi azad olsun” və “Azərbaycan məhbusları azad olsun” kimi şüarlar yazıb.

 

Azərbaycanlı fəal bölücü şəxslərlə irtibat qurmaq və Güney Azərbaycan Televiziyasına (GünAz TV) görüntülər göndərməkdə də günahlandırılıb.

 

Fəalın ötən aylarda Parsabadın İnqilab Məhkəməsinə iki dəfə çağırıldığı bildirilir.

 

Sentyabrın 12-də Parsabad Ettelaat Şöbəsinin rəisi Həzrəti də daxil olmaqla, Ettelaat əməkdaşları Səccad Monadinin ata evinə hücum çəkərək evdə axtarış aparıblar. Məmurlar fəala aid kompüter, flash kart, pasport və milli kartı özləri ilə götürüb.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN