Azərbaycanlı fəal Səid Sadiqifər Məhkəməyə çağırılıb

Azərbaycanlı fəal Səid Sadiqifər Məhkəməyə çağırılıb

GünAz TV: Azərbaycanlı şair və milli-mədəni fəal Səid Sadiqifər Ərdəbilin İnqilab Məhkəməsinə çağırılıb.

 

Yanvarın 14-də günortadan sonra göndərilən çağırış vərəqəsində fəaldan yanvarın 23-ü Təbriz vaxtı ilə saat 10:00-da Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.

 

Çağırış vərəqəsində fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı qeyd olunub, lakin hansı qrupdan söz getdiyi açıqlanmayıb.

 

Səid Sadiqifər 2018-ci il iyulun 2-də Babək qalası yürüşünə qatıla bilməsin deyə Ərdəbildə evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Fəal barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldıqdan sonra onunla eyni tarixdə yaxalanan azərbaycanlı fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Mehdi Huşmənd və Əli Vasiqi ilə birlikdə Ərdəbilin Mərkəzi Zindanına aparılılıb. O və birlikdə olduğu fəallar mülki vəsiqə girov qoyduqdan sonra 2018-ci il iyulun 10-da azadlığa buraxılıb.

 

Səid sadiqifər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

2018-ci ilin iyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

 

Çağırış vərəqəsi

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN