Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyası keçirəcək

Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyası keçirəcək

GünAz TV: İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyası keçirəcək.

 

Bu barədə bir qrup azərbayvanlı siyasi məhbus tərəfindən yayılan bəyanatda məlumat verilib.

 

Simvolik olaraq fevralın 20-də başlayacaq aclıq aksiyası 5 gün davam edəcək.

 

Fəallar İranda millət və etniklər arasında tətbiq olunan ayrı-seçkilik siyasəti, millətlərin ana dilində təhsilə qoyulan qadağa, millətlərin kimliyinin rəsmi şəkildə tanınmaması, fərdi və ictimai hüquqların təmin olunmaması və mədəni azadlıqların olmaması səbəbindən belə bir aksiya keçirməyə qərar veriblər.

 

Aksiya keçirəcək milli-mədəni fəallar İranın müxtəlif zindanlarında məhbus həyatı yaşayır. Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanı, Əmir Səttari Təbriz zindanı, Siyamək Mirzayi və İbrahim Nuri isə Tehranın Evin zindanında saxlanılır.

 

Məhbuslar aclıq aksiyası ilə bağlı 45 gün əvvəl qərar veriblər. O zaman Abbas Lisaniyə SMS vasitəsi ilə qiyabi olaraq çıxarılan həbs cəzasının icra olunacağı barədə informasiya verilmişdir. Bundan sonra tanınmış fəal adı çəkilən fəallara məlumat çatdıraraq bildirib ki, həbs olunacağı təqdirdə Beynəlxalq Ana Dili Günü ilə bağlı keçiriləcək aclıq aksiyasına qoşulacaq.

Qeyd edək ki, Abbas Lisani yanvarın 15-də Təbrizin inqilab Məhkəməsində keçirilən məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil zindanına aparılıb.

 

Azərbaycanlı siyasi məhbusların yaydığı bəyanatda ana dilinin cəmiyyət və insanın həyatında əhəmiyyətinə toxunulub. Bəyanatda uşaq hüquqları haqqında konvensiya, həmçinin milli və dini azlıqların hüququ ilə bağlı bəyannamənin müxtəlif bəndlərinə istinad edilərək ölkədə bütün millətlərin milli hüquqları və ana dilində təhsil tələbinin təmin olunmasına təkid edilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN