Babək qalasına gedən fəallardan daha 15-i yaxalanıb, saxlanılan fəalların sayı 32-ə çatıb

Babək qalasına gedən fəallardan daha 15-i yaxalanıb, saxlanılan fəalların sayı 32-ə çatıb

GünAz TV: İranın təhlükəsizlik qüvvələri Babək qalası yürüşünə mane olmaq üçün həbslər dalğasını davam etdirir.

 

Son məlumata görə, azərbaycanlı fəallardan daha 15 nəfəri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, bununla da saxlanılan fəalların sayı 32-ə çatıb.

 

Ərdəbilli fəallar Murtaza Pərvin, Höccət Fikri, Əli Ruhbəxş və Məhəmməd Azad iyulun 4-ü axşam saatlarında Kəleybər şəhərinin girişində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

İyulun 5-i səhər saatlarında isə ərdəbilli fəallar Əli (Ayət) Xeyrcu, Tohid Əmirçəməni, Meysəm Colani və Əli Colani, kəleybərli fəallar Qasim Mahmudi və Mahmud Mahmudi ilə birlikdə Babək qalasına daxil olan ərazidə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların naməlum istiqamətə aparıldığı bildirilir.

 

Sarabda Səhənd Məali bu şəhərin təhlükəsizlik qüvvəri tərəfindən iyulun 5-də günortadan sonra saxlanılıb.

 

Babək qalasına getmək istəyən azərbaycanlı fəallar Səccad Şohiri, Əli Ziya Gərgəri və Seyid Kərimi Əhərdə bu şəhərin Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

 

Salmasdan gələn xəbərə görə isə azərbaycanlı incəsənət xadimi Abbas Nikrəvan iyulun 5-də İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. “Sepah” üzvlərinin azərbaycanlı incəsənət xadiminin iş yeri və evində qanunsuz axtarış apardıqları da bildirilir. Onlar fəalı yaxaladıqdan sonra onun iş yerinə gedib, qapının qıfılını açaraq mağazaya daxil olduqdan sonra axtarış aparıblar. Axtarış nəticəsində A.Nikrəvana məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptob, kitab, əlyazmalar və s. məmurlar tərəfindən götürülüb. “Sepah” üzvlərinin məhkəmə hökmü olmadan evə daxil olaraq axtarış aparması Nikrəvan ailəsi və qonşularının narahatlığına səbəb olub.

 

Abbas Nikrəvan

 

Ötən günlərdə Babək qalası yürüşü ərəfəsində Ərdəbil, Tehran, Urmiyə, Təbriz və Bostanabadda Abbas Lisani, Əsgər Əkbərzadə, Rəhim Qulami, Səid Sadiqifər, Mehdi Huşmənd, Abdulla Huşmənd, İbrahim Nuri, Cəfər Rüstəmi, Səccad Colani, Fərəc Nuri, Murtaza Yəzdani, Kiyumərs İslami, Səccad Əbdüli, Rəhim Sasani, Murtaza Məhəmmədi, Əli Vasiqi və Səccad Sidqi adlı azərbaycanlı fəallar saxlanılıb.

 

İyunun 2-də Ərdəbil və Tehran Ettelaat İdarələrinin əməkdaşları tərəfindən saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin vəziyyəti və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur. Fəalın ailəsi və Milli Hərəkat fəalları ondan xəbər tutmaq üçün çox cəhd göstərib, lakin heç bir nəticə əldə olunmayıb.

 

Həmçinin Məhərrəm Kamrani, Saleh Molla Abbasi, Əkbər Əbulzadə, Nima Abbaspur və Mehdi Zəncir Bulaği Əhərdə, Fərdim Muradpur, Ramin Cəbraili, Siyamək Kuşi, Əbülfəzl Cani, Nasir Əlimuradi, Yunis Zariyun, Rəşid Daneşcuyi və Səccad Budaqi Təbrizdə təhlükəsizlik orqanlarına çağırılaraq sorğu-suala tutulub və təhdid edilib. Onlara bildirilib ki, Babək qalası yürüşünə qatılacaqları təqdirdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaqlar.

 

Məlumata görə, Urmiyədə Ulduz Qasimi və Əşkan Səadətpur, Əhərdə Məcid Nağızadə, Xoyda Cavad Əhmədi Yekanlı, Ərdəbildə isə Əli Xeyrcu, Murtaza Pərvin, Mehdi Əjdəri, Meysəm Colani və Rəhim Novruzi təhlükəsizlik qüvvələri müraciət etdiyi zaman ev və ya iş yerlərində olmadıqları üçün məmurlar tərəfindən təqib olunur.

 

Bundan əlavə, Ettelaat əməkdaşları müxtəlif şəhərlərdə təxminən 100 azərbaycanlı fəala zəng edərək onlara Babək qalası yürüşünə qatılmaqla bağlı xəbərdarlıq ediblər.

 

Ötən günlərdə azərbaycanlı fəallar ənənəvi Babək qalası yürüşünün iyulun 5-i və 6-da keçiriləcəyinə dair qərar qəbul etmişdilər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN