Əmir Səttari Rəuf quru aclıq aksiyasına keçib

Əmir Səttari Rəuf quru aclıq aksiyasına keçib

GünAz TV: Təbrizin mərkəzi zindanında iyunun 10-dan aclıq aksiyası keçirən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf aksiyasının 7-ci günündə döyülərək həbsxananın təknəfərlik kamerasına köçürüldükdən sonra quru aclıq aksiyasına keçib.

 

Fəal iyunun 17-də, aclıq aksiyasının 8-ci günündə zindan məsulları tərəfindən yenidən döyülüb. Aldığı zərbələrdən ağır yaralanan fəal poliklinikaya aparılıb.

 

Xəbər fəalın ailəsinə çatdıqdan sonra onlar Əmir Səttarinin vəziyyəti ilə bağlı prokurorluq və Təbriz zindanına müraciət edib. Fəalın son vəziyyəti barədə məlumat alan Səttari ailəsi, onun quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiqləyib.

 

Bundan əvvəl bir qrup güney azərbaycanlı mədəni fəal İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq zindan məsullarının bu hərəkətini kəskin şəkildə qınayıb və fəalın dosyesinə yenidən baxılmasını tələb ediblər.

 

Ötən həftənin əvvəlində aclığa başlayan fəalın sağlıq durumunun ağır olduğu bildirilir. O yeni məhkəmə işinin açılması ilə nəticələnən dosyesindəki iradlar və müdaxilələrə etiraz olaraq aksiyaya başlayıb. Məlumata görə, fəalın 7 aylıq həbs cəzası başa çatsa da, o azadlığa buraxılmır. Məhkəmənin yeni hökmünə əsasən, onun 7 aylıq həbs cəzası 5 illik həbs qərarı ilə əvəzlənib.

 

Fəal aksiyasının 3-cü günündə bir səs faylı yayaraq  təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxilə etməsinə etiraz olaraq aclığa başladığını bildirib. O təhlükəsizlik orqanlarının dosyesinə müdaxiləsini sübut edən sənədlərə malik olduğunu bildirib. Fəal həmin sənədləri yaxın gələcəkdə insan hüquqları müdafiəçiləri, mədəni fəallar və bütün əhalinin diqqətinə çatdıracağını bəyan edib.

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

 

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

 

Əmir Səttari həmçinin virtual aləmdəki fəaliyyəti ilə bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda bu dosyeyə Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

 

Əmir Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN