Əmir Səttarinin ailəsi: Əmir aclıq aksiyasını davam etdirir

Əmir Səttarinin ailəsi: Əmir aclıq aksiyasını davam etdirir

GünAz TV: Təbrizin Mərkəzi Zindanında aclığa başlayan, aksiyasının 7-ci günündə isə quru aclıq aksiyasına keçən Əmir Səttari ailəsinin israrı ilə su içməyə razılaşıb, lakin o aclıq aksiyasını dayandırmaqla razılaşmayıb.

 

Bu barədə Səttari ailəsi iyunun 20-də güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin yaxın dostlarına məlumat veriblər. “Əmirlə əlaqə saxlayaraq ondan aksiyasını dayandırmağı istədik. O aksiyasının 11-ci günündə su içməklə razılaşdı, lakin aclığı davam etdirməkdə israrlıdır.”- deyə fəalın ailə üzvləri bildirib.

 

Əmir Səttari iyunun 19-u, aclıq aksiyasının 10-cu günündə Ettelaat İdarəsinin qərarı ilə Təbrizin Mərkəzi Zindanından Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüb.

 

Fəal yeni məhkəmə işinin açılması və ağır hökm çıxarılması ilə nəticələnən dosyesindəki iradlar və məhkəmə işinin ləngiməsinə etiraz olaraq iyunun 10-da aclıq aksiyasına başlayıb. Fəal məhkum olunduğu 7 aylıq həbs cəzasını başa vursa da yeni hökmə görə azadlığa buraxılmır.

Azərbaycanlı fəal dosyesindəki iradların təhlükəsizlik orqanlarının məhkəmə işinə müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirir.

 

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci ilin yanvar (1396-cı ilin dey ayı) ayı etirazlarında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və Təbriz zindanına aparılıb. Fəal 25 gün sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal 2018-ci il yazın son ayında (1397-ci ilin xordad ayı) Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “milli təhlükəsizliyin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə 7 ay azadlıqdan məhrum edilib. Hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb. Fəal 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

 

Əmir Səttari 2018-ci il sentyabrın 18-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “rəhbəri təhqir etmək” ittihamı ilə yenidən 6 ay həbs cəzasına məhkum edilib.

 

Təbriz İnqilab Məhkəməsinin 11-ci Hökmləri İcra edən Şöbəsi 2018-ci il payızın orta ayında (1397-ci ilin aban ayı) heç bir məlumat vermədən fəalın iki dosyesini birləşdirib. Bundan sonra Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi çıxarılan hökmləri “qanun və şəriətə uyğun gəlməyən” qərar kimi qiymətləndirərək fəal barəsində çıxarılan və icra olunan 7 aylıq hökmü 5 illik həbs qərarı ilə əvəzləyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN