Güney azərbaycanlı fəal Mehrdad Şeyxi Ettelaat İdarəsinin təcridxanasında saxlanılır

Güney azərbaycanlı fəal Mehrdad Şeyxi Ettelaat İdarəsinin təcridxanasında saxlanılır

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi Ərdəbil Ettelaat İdarəsinin təcridxanasında saxlanılır.

 

Bu barədə fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O ailəsinə tapşırıb ki, şəxsi avtomobilini təhvil almaq üçün Ərdəbilin Zərnas şəhərciyində yerləşən məhkəmə orqanına (dadsəra) müraciət etsinlər.

 

Məlumata görə, ailəsi fəalın saxlanmasının səbəbini soruşub, lakin o cavab vermədən telefon əlaqəsi kəsilib. Hələlik onun hansı səbəbdən saxlandığı məlum deyil.

 

Ərdəbil sakini olan fəal yanvarın 8-i Təbriz vaxtı ilə saat 09:30-da hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib. Lakin məhkəmə başa çatdıqdan sonra o, evə qayıtmayıb.

 

Ondan sonra fəalın ailəsi əlaqədar qurumlara Mehrdad Şeyxinin harada və hansı şəraitdə saxlanmasını öyrənmək üçün müraciət edib, lakin heç bir məlumat əldə edə bilməyiblər.

 

Mehrdad Şeyxi 2019-cu il noyabrın 20-də Ərdəbildə atasının evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. O 11 gün ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN