Güney azərbaycanlı fəal Rəhim Qulaminin 1 illik həbs cəzası təsdiqlənib

Güney azərbaycanlı fəal Rəhim Qulaminin 1 illik həbs cəzası təsdiqlənib

GünAz TV: Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi “İran İslam Cümhuriyyətinin qurucusunu təhqir etmək” ittihamı ilə1 il həbs cəzasına məhkum edilən güney azərbaycanlı fəalın məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Apelyasiya Məhkəməsi şair və yazıçı Rəhim Qulami haqda çıxardığı hökmdə etirazçının təqdim etdiyi dəlillərin qaneedici olmadığını qeyd edib.

 

Azərbaycanlı fəalın apelyasiya məhkəməsi avqustun 27-də keçirilib.

 

Fəal prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq” və “Ruhulla Xomeyni”ni təhqir etməkdə ittiham olunmuşdur. Lakin o Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət qazanıb, “Ruhulla Xomeyni”nini təhqir etmək ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib.

 

Fəal məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarında quraşdırılan dosyelərdən asılı olmamağa çağırıb.

 

Martın 4-də yaxalanan Rəhim Qulami təxminən iki ay müvəqqəti saxlandıqdan sonra mülki vəsiqə qarşılığında aprel ayında Ərdəbil zindanından müvəqqəti azadlığa buraxılıb.

 

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasını topladığı türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür. Onlar illərcə zəhmətdən sonra çapa hazır olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən götürülən qiymətli əsərin gələcək taleyindən nigarandir.

Rəhim Qulami “Yaylıq” nəşr evi  tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN