Güney Azərbaycanlı fəal Siyamək Mirzayi aclıq aksiyasının 4-cü günündə

Güney Azərbaycanlı fəal Siyamək Mirzayi aclıq aksiyasının 4-cü günündə

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasının 4-cü gününü keçirir.


Fəal yeni məhkəmə işi açılması və Ettelaat İdarəsinin Evin zindanındakı korpusuna (209-cu korpus) köçürüldükdən sonra iyulun 1-də aclıq etməyə qərar verib.


O barəsində quraşdırılan yeni dosye ilə əlaqədar azadlığa buraxılmamasına etiraz olaraq aclıq aksiyası keçirir.


Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsi fəal barəsində 30 milyon tümənlik mülki vəsiqə qərarı çıxarsa da onun vəsiqə qarşılığında sərbəst buraxılmasına icazə verilmir. Həmin şöbənin məsulları ötən günlərdə fəalın ailə üzvlərinə onun yaxın zamanda azadlığa buraxılmayacağını bildirib.


Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanada Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.


Siyamək Mirzayi 2016-cı il iyunun 13-də Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.


Azərbaycanlı fəal həbs müddətində 3 dəfə aclıq aksiyası keçirib. Birinci dəfə dosyesi ilə bağlı hüquqlarının təmin edilməsi tələbi ilə aclıq edən fəal sonra vətəndaş hüququnun pozulmasına etiraz olaraq aksiya keçirib. O həmçinin Beynəlxalq Ana Dili Günündə ölkədə ana dilində təhsilin olmamasına etiraz olaraq bir neçə azərbaycanmlı siyasi məhbusla birlikdə aclıq aksiyası keçirmişdir.


Azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN