Güney azərbaycanlı fəal Yusif Kari 2 il həbs cəzasına məhkum edilib

Güney azərbaycanlı fəal Yusif Kari 2 il həbs cəzasına məhkum edilib

GünAz TV: Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi güney azərbaycanlı milli-mədəni fəal Yusif Karini 2 il həbs cəzasına məhkum edib.

 

Hökm fevralın 23-də azərbaycanlı fəala elan olunub.

 

Bundan əvvəl Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin rəisi hakim Məhdəvirad hazırda Ərdəbilin Mərkəzi Zindanında saxlanılan fəalı ““GAMAC” qrupuna üzv olmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə 5 və 1 il (toplam olaraq 6 il) həbs cəzasına məhkum etmişdir.

 

Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi fəala “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, ikinci ittihamında isə dəyişiklik edib. Sonda azərbaycanlı fəal “milli təhlükəsizliyi pozmaq məqsədi ilə Abbas Lisaninin liderlik etdiyi sözdə qövm və mədəniyyətlə bağlı qrupun iclaslarına davamlı olaraq qatılmaqla həmin qrupa üzv olmaq” ittihamına görə 2 il həbs cəzasına məhkum edilib.

 

Apellyasiya məhkəməsi tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani azadlığa buraxılarkən onun görüşünə getmək və Novruz bayramı münasibəti ilə fəalın evinə getməyi qrupa üzv olmaq kimi qiymətləndirib. Bundan əlavə, kimsənin “qövm və mədəniyyətlə bağlı qrup”, onun nizamnaməsi, adı, bəyanatı və elanlarının olduğu barədə məlumatı yoxdur, yəni belə bir qrup reallıqda mövcud deyil. İran məhkəmələri son illərdə bu kimi qondarma ittihamlarla güney azərbaycanlı fəallar barəsində ağır hökmlər çıxarırlar.

 

Yusif Karinin 28 yaşı var, o Ərdəbil sakinidir. Azərbaycanlı fəal işsizlikdən Tehrana gedərək bir müddət  orada məşğul olub. Fəal ötən sentyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o hələ də Ərdəbilin Mərkəzi Zindanında müvəqqəti olaraq saxlanılır. O müvəqqəti sərbəst buraxılması üçün mülki vəsiqə qərarından istifadə edə bilmir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN