Güney azərbaycanlı fəallar Abbas Mehrasa və Babək Hüseyni Müqəddəm saxlanılıb

Güney azərbaycanlı fəallar Abbas Mehrasa və Babək Hüseyni Müqəddəm saxlanılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Abbas Mehrasa və Babək Hüseyni Müqəddəm İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri noyabrın 17-də Abbas Mehrasanın Urmiya şəhərindəki mağazasına hücum edərək onu yaxalayıb və naməlum istiqamətə aparıblar.

 

Ötən günlərdə Təbriz sakini olan güneyli fəal Babək Hüseyni Müqəddəm də Ettelaat əməkdaşları tərəfindən tutulub. Onun harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti isə sulduzlu fəallarla bağlı məlumat yayıb. Bildirilib ki, Sulduz şəhərində bir neçə azərbaycanlı fəala Ettelaat tərəfindən zəng edilib. Onlara bildirilib ki, şəhərdən çıxmasınlar, əks halda barələrində ciddi tədbir alınacaq.

 

İran və Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirildiyi günlərdə onlarla güneyli fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri benzinin bahalaşması ilə bağlı başlayan aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atır.

 

Ötən günlərdə etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hələlik aşağıdakı fəalların kimliyi müəyyən edilib: Qaffar Rzaiyan (Zəncan), Davud Şiri (Təbriz), Əyyub Şiri (Təbriz), Ruzbeh Piri (Təbriz), Yaşar Piri (Təbriz), Fəraz Novruzi (Təbriz), Tohid Xademi (Qoşaçay), Əhməd Abedi (Qoşaçay), Meysəm Colani (Ərdəbil), Siyamək Seyfi (Xiyav), Babək Hüseyni Müqəddəm (Təbriz), Əli Əzizi (Urmiya), Salar Taheri Əfşar (Urmiya).

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN