Hakimdən Abbas Lisaninin həyat yoldaşına məsuliyyətsiz cavab: Qorxmayın cənazəsini təhvil verəcəyik!

Hakimdən Abbas Lisaninin həyat yoldaşına məsuliyyətsiz cavab: Qorxmayın cənazəsini təhvil verəcəyik!

GünAz TV: Ettelaat Nazirliyinin göstərişi ilə hərəkət edən  Ərdəbilin İnqilab Məhkəməsi hazırda təcridxanada saxlanılan tanınmış azərbaycanlı fəal Abbas Lisaninin həyat yoldaşı xanım Rüqəyyə Əlizadəyə məsuliyyətsiz və hədələyici cavab verib.

 

Məlumata görə, xanım Rüqəyyə Əlizadə çərşənbə günü, həyat yoldaşının təhlükəsizlik qüvvələri tərəfindən oğurlanmasının 23-cü günündə növbəti dəfə Ərdəbil Məhkəməsinə müraciət edib. Xanım Rüqəyyə Əlizadə hakimin qəbuluna düşdükdən sonra həyat yoldaşının vəziyyəti haqda sual verib, lakin ona məsuliyyətsiz cavab verilib. Hakim bildirib ki, heç qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik!

 

Məhkəmə məsulları özü də xəstə olan Rüqəyyə Əlizadənin müraciətinə cavab vermək yerinə Ettelaat İdarəsindən aldığı əmri icra etməklə bir təhlükəsizlik orqanı kimi davranıb. Oxşar yanaşma digər azərbaycanlı fəalların dosyesinə baxıldığı zaman da müşahidə olunur.

 

Məhkəmə bu günə qədər Lisani ailəsinə yalnız Abbas bəyin Təbriz Məhkəməsində mühakimə edildikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbilə aparıldığı haqda məlumat verib.

 

Tanınmış fəal yanvarın 15-də qanunsuz saxlanmasına etiraz olaraq Ərdəbil zindanının karantin bölümündə aclıq aksiyası keçirir. 

 

Fəalın sağlamlıq durumu bundan əvvəl həbsxanalarda keçirdiyi aclıq aksiyaları ilə əlaqədar yaxşı deyil, o qaraciyər xəstəliyindən əziyyət çəkir.

 

Bu arada tanınmış fəalın azadlığa buraxılması tələbi ilə “Mən də Abbas Lisaniyəm” adlı kampaniya keçirirlir. İnternetdə keçirilən kampaniyaya yüzlərlə azərbaycanlı fəal və digər soydaşlarımız qoşulub.

Bundan əlavə, ötən günlərdə Güney Azərbaycanın əksər şəhərlərində Abbas Lisaninin qanunsuz saxlanmasına etiraz olaraq divarlara bir çox  şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN