Hakimdən azərbaycanlı fəal Kiyanuş Aslaninin ailəsinə təhqiramiz ifadələr...

Hakimdən azərbaycanlı fəal Kiyanuş Aslaninin ailəsinə təhqiramiz ifadələr...

GünAz TV: Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslaninin ailəsi onun dosyesi ilə bağlı məhkəməyə müraciət edib, lakin təhqiramiz ifadələrlə qarşılanıblar.

 

Məlumata görə, Tehran İnqilab Məhkəməsinin 7-ci şöbəsinin hakimi fəalın ailəsinin ünvanına aşağılayıcı ifadələr işlədib, onları kabinetindən çölə çıxardıb.

 

“Övladınızın vəziyyətinin bizimlə heç bir əlaqəsi yoxdur! Çıxın çölə, vaxtımızı almayın...”- deyə hakim saxlanılan fəalın ailəsinə bildirib.

 

Hazırda Tehranda olan Ərdəbil sakinləri, milli-mədəni fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu müddətdə onların vəziyyəti ilə bağlı ailələrinə heç bir məlumat verilməyib.

 

Kiyanuş Aslani ötən günlərdə ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 4-cü bölümünə köçürüldüyünü bildirib. Fəal həmçinin qeyd edib ki, birlikdə tutulduğu Təhid Əmir Əminini sonuncu dəfə saxlandığı gün görüb, onun hələ də həbsxananın 209-cu korpusunda saxlandığı ehtimal olunur.

 

Adını çəkdiyimiz fəallar saxlandıqları zaman “sistemin əleyhinə tıbliğat aparma” və “ölkə təhlükəsizliyinə qarşı cəhd göstərmə” ittihamları ilə üzləşib.

 

Kiyanuş Aslani Tehranın İşlamşəhr Azad Universitetində inşaat mühəndisliyi ixtisası üzrə təhsil alır. Tohid Əmir Əmini isə Tehranda işlədiyi üçün bu şəhərdə yaşayır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN