Həbib Sasaniyan Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb

Həbib Sasaniyan Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb.

 

Fəal noyabrın 8-də qohumlarından birinin evinin önündə Ərdəbil Polis İdarəsinin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlumata görə, məmurlar fəalı təhqiramiz şəkildə saxlayıb, yaxalarkən ona güc tətbiq ediblər. Hadisə nəticəsində baş və üz nahiyyəsindən xəsarət alan fəalın döyülməkdən üz-gözü göyərib. Məmurlar qandalı sıxaraq onun qolunu yaralayıb və qan axmasına səbəb olublar.

Fəala güc tətbiq edilərkən paltarlarının cırılaraq əynindən çıxdığı bildirilir.

 

 

 

Azərbaycanlı fəalın yaxınlarının dediyinə görə, o növbətçi hakim tərəfindən müvəqqəti olaraq zəmanətə buraxılıb, ondan şənbə günü məhkəməyə müraciət etməsi istənilib.

 

Həbib Sasaniyan 2016-cı il mayın 15-də Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi adlı daha 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. O 15 ay yarım qanunsuz olaraq saxlanıldıqdan sonra 2017-ci il avqustun 28-də 350 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Digər fəallar bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır. Azərbaycanlı fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar əsassız etiraflar etmək üçün ağır işgəncəyə məruz qalıblar.

Azərbaycanlı fəallar ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq və milli təhlükəsizliyə qarşı sözləşmədə ittiham olunub, lakin onlar irəli sürülən bütün ittihamları rədd edib.

 

Elektrik mühəndisliyi və telekommunikasiya üzrə təhsil alan 44 yaşlı Həbib Sasaniyanın iki övladı var. O bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN