Həbsxanada döyülən Mehdi Kuxiyan zindanın karantin bölümünə köçürülüb

Həbsxanada döyülən Mehdi Kuxiyan zindanın karantin bölümünə köçürülüb

GünAz TV: Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyan həbsxanada döyülüb, onun yaralandığı bildirilir.

 

Azərbaycanlı fəal Məlikan prokuroru Mehdi Əlimuradi ilə mübahisə etdikdən sonra Ş.Tütünçü adlı bir məhbus tərəfindən döyülüb. Aldığı zərbələrdən yaralanan fəal poliklinikaya aparılmaq yerinə zindanın karantin bölümünə köçürülüb.

 

Kuxiyan ailəsinə yaxın bir mənbədən “Herana” agentliyinə verilən məlumata görə, azərbaycanlı fəal Məlikan prokuroru tərəfindən təhdid edilib. Prokuror ona bildirib ki, o Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpur məsələsi ilə bağlı ifşaedici fəaliyyətinə görə yeni dosye ilə üzləşəcək və Ettelaat İdarəsində dindiriləcək.

Mehdi Kuxiyanın prokurorla mübahisə etməsi də bu təhdidlə bağlı olub.

 

Fəal aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb və aprelin 13-də Ettelaat İdarəsinin təcridxanasından Marağa zindanına intiqal edilib.

 

Bundan əvvəl fəalın yaxınlarından biri bildirib ki, o Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, deputat və Ettelaat İdarəsinin onunla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil.

Fəal yaxalanarkən Ettellat əməkdaşları tərəfindən döyülüb, aldığı zərbələrdən baş nahiyyəsindən yaralanmışdır.

 

Azərbaycanlı fəal saxlandıqdan sonra yeni dosye ilə üzləşib, lakin barəsində vəsiqə qərarı çıxarılıb. Onun hazırda bundan əvvəlki dosye ilə bağlı saxlandığı qeyd olunur. Deyinlərə görə, zindan məsullarının razılıq verməsinə baxmayaraq prokuror təhlükəsizlik qüvvələrinin təzyiqi ilə onun məzuniyyətə çıxmasına icazə vermir.

 

Mehdi Kuxiyan 2017-ci ilin yanvarında (hicri-şəmsi təqvimi ilə 1395-ci ilin dey ayı) Məlikanın prokuroru Peyman Məhəmmədpur və bələdiyyə başçısı Fəhad Nərimanpurun şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə azadlıqdan məhrum edilib.

Adını çəkdiyimiz güney azərbaycanlı fəal Məlikan şəhər sakinidir, o “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri olub.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN