Həbsxanada səhhəti ağırlaşan güney azərbaycanlı fəal Rəhim Qulaminin xəstəxanada müalicə olunmasına icazə verilmir

Həbsxanada səhhəti ağırlaşan güney azərbaycanlı fəal Rəhim Qulaminin xəstəxanada müalicə olunmasına icazə verilmir

GünAz TV: Ərdəbil zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulaminin səhhətinin ağırlaşdığı bildirilir.

 

Oktyabrın 31-də yayılan məlumata görə, təngnəfəslik və böyrək xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəalın son günlərdə səhhəti ağırlaşıb. Onun şəhər xəstəxanasında mütəxəssis həkim tərəfindən müalicə olunması ehtiyac var. Lakin zindan məsulları fəalın xəstəxanaya aparılmasına icazə vermir.

 

Rəhim Qulami yaxınları ilə telefon danışığı zamanı səhhətinin yaxşı olmadığını deyib.

“Artıq ağrıkəsici dərmanlar işə yaramır. Xəstəxanada müalicə almaq üçün zindan məsullarına dəfələrlə müraciət olunub, lakin heç bir nəticə yoxdur.”- deyə o bildirib.

 

Fəal böyrək xəstəliyi ilə yanaşı təngnəfəslikdən əziyyət çəkdiyini də vurğulayıb. O bildirib ki, həkimin tapşırığı ilə spreydən istifadə edir. Lakin böyrək xəstəliyi ağırlaşdıqdan sonra təngnəfəsliyi də ağırlaşıb və səhhəti gün keçdikcə pisləşir.

 

Rəhim Qulami və digər azərbaycanlı fəal Muctaba Pərvin ağır cinayətlərdə ittiham olunan təhlükəli məhbuslarla eyni korpusda saxlanılır. Təhlükəsizlik orqanları fəalların digər korpus, o cümlədən tanınmış fəal Abbas Lisaninin saxlandığı bölümə köçürülməsinə imkan vermir.

 

Azərbaycanlı fəal sentyabrın 17-də 1 illik həbs cəzasını çəkmək üçün Ərdəbil zindanında həbs olunub.

 

Martın 4-də yaxalanan Rəhim Qulami təxminən iki ay müvəqqəti saxlandıqdan sonra mülki vəsiqə qarşılığında Ərdəbil zindanından müvəqqəti azadlığa buraxılmışdır.

 

Fəal prokurorluğun hazırladığı iddianamədə “sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq” və “Ruhulla Xomeyni”ni təhqir etməkdə ittiham olunmuşdur. Lakin o Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət qazanıb, “Ruhulla Xomeyni”nini təhqir etmək ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib.

 

Azərbaycanlı fəalın apelyasiya məhkəməsi avqustun 27-də keçirilib. Sentyabrın 7-də onun həbs cəzasının təsdiqləndiyi elan olunub.

 

Fəal məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni müstəqilliyini qorumağa və təhlükəsizlik orqanlarında quraşdırılan dosyelərdən asılı olmamağa çağırıb.

 

Rəhim Qulami Ərdəbil şəhərinin tanınmış fəallarından biridir, o bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Adını çəkdiytimiz fəal “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN