İbrahim Nuri məhbusların hüquqlarını müdafiə edən sendika yaradılmasını tələb edib

İbrahim Nuri məhbusların hüquqlarını müdafiə edən sendika yaradılmasını tələb edib

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri həbsxanada məhbusların hüquqlarını müdafiə edən sendika yaradılmasını tələb edib.

 

Azərbaycanlı siyasi məhbus bu barədə Cəzaçəkmə Müəssisələri Təşkilatının sədri və Məhkəmə Sisteminin Xüsusi Təftiş Mərkəzinin rəisinə məktub ünvanlayıb.

 

Fəal məhbuslarla bağlı Cəzaçəkmə Müəssisələri Təşkilatının daxili qaydalarının 44-cü maddəsi, həmçinin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin tətbiq edilməsini dəstəkləyən mərkəzin olmamasını əsas gətirərək belə bir sendikanın yaradılmasının vacib olduğunu bildirib.

 

Azərbaycanlı siyasi məhbus yazdığı məktubda məhbusların şərəf və ləyaqətinin qorunması haqqında ölkə konstitusiyasının 39-cu maddəsinə istinad edərək məhbusların şikayət, raport və təkliflərinin qəbul olunması haqda qaydalara düzəliş edilməsini də tələb edib. O bildirib ki, bunun üçün məhbusların yaradılacaq sendikası ilə qanunların icrasına nəzarət edən heyət, məhkəmə sisteminin insan hüquqları üzrə mərkəzi və digər insan hüquqları qurumları arasında əməkdaşlıq etmək üçün şərait yaradılmalıdır.

 

Qeyd edək ki, sistemin əleyhinə təbliğat aparma ittihamı ilə həbs cəzasına məhkum edilən İbrahim Nuri hazırda Tehranın Evin zindanının 7-ci korpusunda məhbus həyatı yaşayır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN