İbrahim Nuri və Cəfər Rüstəmi barəsində həbs, sürgün və mədəni fəaliyyətlərinə qadağa hökmü çıxarılıb

İbrahim Nuri və Cəfər Rüstəmi barəsində həbs, sürgün və mədəni fəaliyyətlərinə qadağa hökmü çıxarılıb

GünAz TV: Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsi iyul ayında keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar saxlanılan azərbaycanlı fəallar İbrahim Nuri və Cəfər Rüstəmi barəsində ağır hökm çıxarıb.

 

Hökmə əsasən, İbrahim Nuri 18 ay, Cəfər Rüstəmi isə 6 ay həbs cəzasına məhkum edilib. Fəalların ikisi də hər hansı qrup və ictimai-siyasi birliyə üzv olmaq, eləcə də mətbuat fəaliyyətindən məhrum edilib.

 

Bundan əlavə, İbrahim Nuri Əfqanıstan sərhəddində yerləşən Nehbəndan şəhərinə 2 il müddətinə sürgünə göndəriləcək.

 

Şifahi olaraq açıqlanan hökmdə bildirilib ki, İ.Nuri 30 dəfədən çox saxlanılıb. O heç zaman mövqeyini dəyişməyib, dəyişəcəyinə ümid də yoxdur. Onu tənbeh etmək də mümkün deyil.

 

C.Rüstəminin dosyesində olan bundan əvvəlki 7 aylıq həbs cəzası, budəfəki məhkəmə hökmünə əsas verən dəlillərdən biri kimi qəbul olunub.

 

1992-ci ildə doğulan əhərli fəal İbrahim Nuri hüquq ixtisası üzrə təhsil alır. O hazırda Tehranın Evin zindanında başqa bir dosyeyə görə məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib. Bəyanatda sözügedən mərasimlərdə 120 fəalın saxlandığı bildirilib.

 

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır. Həmin dosye ilə əlaqədar bir neçə fəal məhkəmə qarşısına çıxarılıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN