İki gün əvvəl saxlanılan Səid Sadiqifərdən yeni xəbər

İki gün əvvəl saxlanılan Səid Sadiqifərdən yeni xəbər

GünAz TV: Yanvarın 29-da Ərdəbildə öz iş yerində saxlanılan azərbaycanlı şair və milli-mədəni fəal Səid Sadiqifər dünən Ərdəbil İnqilab Məhkəməsinin 12-ci şöbəsinə aparılıb.

 

Məlumata görə, fəal ittihamı elan olunduqdan sonra Ərdəbil Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib.

 

Hələlik fəala qarşı irəli sürülən ittiham haqda dəqiq məlumat olmasa da, onun mərhum anasının dəfn mərasimində azərbaycanlı milli-mədəni fəalların nümayiş etdirdiyi plakatlarla bağlı saxlandığı ehtimal olunur.

 

Fəal həmin məsələyə görə, ötən günlərdə bir neçə dəfə telefon vasitəsi ilə Ettelaat İdarəsinə çağırılıb, lakin o çağırışları qanunsuz hesab etdiyi üçün idarəyə müraciət etməkdən imtina edib.

 

Yanvarın 30-da fəalı azad etdirmək üçün məhkəməyə müraciət edən onun qardaşı və digər yaxınları, Səid Sadiqifəri məmurlarla birlikdə görüblər. Məlumata görə, onlara məmurlar tərəfindən hörmətsizlik edilib, bu hadisə tərəflər arasında fiziki qarşıdurmaya səbəb olub.

 

Verilən informasiyaya görə, məhkəmə məsulları fəalın yaxınlarına cavab vermir, onunla əlaqə saxlamaq da imkansızdır. Ona görə də fəalın nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün deyil.

 

Yanvarın 31-də fəalın anası mərhum xanım Əlizadənin 40 mərasimi keçiriləcək.

Sadiqifər ailəsi beyin ölümünə düçar olan xanım Əlizadənin bədən orqanlarını ehtiyacı olan xəstələrə bağışlayıb. Bu hadisədə xüsusi rolu olan fəalın anasının 40 mərasiminə qatılmasına icazə verilib-verilməyəcəyi sual altındadır.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN