İki güney azərbaycanlı fəal toplam olaraq 12 il 6 ay həbs cəzasına məhkum edilib

İki güney azərbaycanlı fəal toplam olaraq 12 il 6 ay həbs cəzasına məhkum edilib

GünAz TV: Tehran Apellyasiya Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Tövhid Əmir Əmini və Kiyanuş Aslani barəsində ağır həbs hökmü çıxarıb.


Qərara görə, azərbaycanlı fəallar toplam olaraq 12 il 6 ay həbs cəzasına məhkum edilib.


Fəallar 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü mərasimi qeyd olunduğu bir vaxtda Tehranda saxlanılıb. Onlar Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”, həmçinin “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə olunmuşdur. Birinci ittihama görə Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbs cəzasına məhkum edilmişdir. İkinci ittihama görə isə Tövhid Əmir Əminiyə 18 ay həbs cəzası, Kiyanuş Aslaniyə isə bəraət hökmü verilmişdir.

Bundan əlavə, Kiyanuş Aslaninin ictimai hüquqları məhdudlaşdırılıb, o hökmə görə iki il müddətinə heç bir qrupa üzv ola bilməz.


Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin rəisi cənab Zərgər Tövhid Əmir Əminiyə “sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verərək fəalları toplam olaraq 12 il 6 ay azadlıqdan məhrum edib.


Qeyd edək ki, son vaxtlar güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Bu istiqamətdə çox sayda fəal təhlükəsizlik orqanlarına çağırılaraq təhdid edilib, bir çoxu isə yaxalanıb və aylardır qeyri-müəyyən vəziyyətdə saxlanılır. Məhkəmə qarşısına çıxarılan fəallar isə ağır həbs qərarı ilə üzləşir.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN