İranda “pis hicab” taxmaqda ittiham edilən qadın özünü yandırıb

İranda “pis hicab” taxmaqda ittiham edilən qadın özünü yandırıb

GünAz TV: “Pis hicablılıq”da ittiham edilən qadın Tehran məhkəmələrindən birinin önündə üzərinə benzin tökərək, özünü yandırıb.

 

Tehran Ədliyyə İdarəsinin rəsmilərindən biri hadisəni təsqidləyib və bildirib ki, sözügedən qadına qarşı “pis hicablılıq”, “ictimai mənəviyyata zidd olan hərəkətlər” və “məmurları təhqir etmə” ittihamları ilə cinayət işi açılıbmış. O, məhkəmə binasından çıxandan sonra əlində olan benzini üzərinə tökməklə, özünü yandırıb.

 

Rəsmi bildirib ki, hakim yaxın qohumlarından birinin ölümü səbəbiylə işdə olmayıb və buna görə də, məhkəmə prosesi təxirə salınıb. Qadın da intihara cəhdi məhkəmə binasından çıxan zaman edib.

 

Hadisə ilə bağlı ətraflı məlumat verilməsə də, qadının xəstəxanaya yerləşdirildiyini və hazırda vəziyyətinin ağır olduğu deyilir.

 

Xatırladaq ki, bu cür hallar İranda tez-tez baş verir. 1994-cü ildə Amerikada doktorluq dissertasiyasını müdafiə etmiş, psixiatr və pediatr olan bir qadın Təcriş meydanında məcburi hicaba etiraz əlaməti olaraq baş örtüyünü çıxarmış, daha sonra üstünə benzin tökərək, intihar etmişdi.

 

İranda qadınlar uzun müddətdir məcburi hicaba qarşı mübarizə aparırlar. Bu mübarizə 2017-ci ilin yanvarın 27-də Vida Müvəhhidin İnqilab küçəsində yüksəyə çıxıb, öz baş örtüyünü taxtaya keçirməsi ilə, yenidən geniş vüsət almışdı. Həmin dövrdə Müvəhhidə ölkənin digər bölgələrindən də qadınlar dəstək vermiş, onun hərəkətin təkrarlamışdılar. Onlar "İnqilab küçəsinin qadınları" kimi tarixə düşüblər.

 

Lakin İran təhlükəsizlik qüvvələri son aylar ərzində məcburi hicaba etiraz edən və öz təməl hüquqlarını tələb edən qadınlara qarşı amansız davranır. Müxtəlif dövrlərdə çəkilmiş videolarda kişi polislərin küçədə hicab bəhanəsiylə qadınları döydüyü əks olunur. Eləcə də, məhkəmələr tərəfindən “pis hicablılıq” ittihamı ilə saxlanılan qadınlara qarşı digər saxta ittihamlar da irəli sürülərək, uzun müddətli həbs cəzaları çıxarılır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN