Mehdi Kuxiyan Məlikanın İnqilab Məhkəməsinə çağırılıb

Mehdi Kuxiyan Məlikanın İnqilab Məhkəməsinə çağırılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan yeni dosyesi ilə əlaqədar Məlikanın (“Məlik kəndi”) inqilab Məhkəməsinə çağırılıb.


“Herana” agentliyinin yaydığı məlumata görə, ötən günlərdə azərbaycanlı fəala göndərilən çağırış vərəqəsində ondan 5 gün ərzində məhkəməyə müraciət etməsi tələb olunub.


M.Kuxiyan sentyabrın 1-də məzuniyyət məqsədi ilə Marağa zindanından müvəqqəti sərbəst buraxılıb.


Deyilənlərə görə, fəalın yeni dosyesi onun həbs müddətində keçirdiyi uzunmüddətli aclıq aksiyası ilə bağlıdır, bütün hallarda fəalın dosyesi və ona qarşı irəli sürülən ittihamlarla bağlı dəqiq heç bir məlumat yoxdur.


M.Kuxiyan Məlikan şəhərinin tanınmış milli-mədəni fəallarından biri və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiridir.


Məlikan prokuroru Mehdi Əlimuradi həbsxanaya baxış keçirərkən azərbaycanlı fəalla mübahisə edib, onu təhdid etmişdir. Bundan sonra fəal məhbuslardan biri tərəfindən döyülmüşdür.
Prokuror bildirmişdir ki, o Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpur məsələsi ilə bağlı ifşaedici fəaliyyətinə görə yeni dosye ilə üzləşəcək və Ettelaat İdarəsində dindiriləcək. M.Kuxiyanın prokurorla mübahisə etməsi də məhz bu təhdidlə bağlı olub.

 

M.Kuxiyan 2017-ci ilin yanvarında (hicri-şəmsi təqvimi ilə 1395-ci ilin dey ayı) yaşadığı şəhərin keçmiş prokuroru Peyman Məhəmmədpur və bələdiyyə başçısı Fəhad Nərimanpurun şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Azərbaycanlı fəal 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. O islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə azadlıqdan məhrum edilib.


M.Kuxiyan sonuncu dəfə aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb və aprelin 13-də Ettelaat İdarəsinin təcridxanasından Marağa zindanına intiqal edilmişdir.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN