Məhkəmə azərbaycanlı fəal Səhənd Məalinin etirazını rədd edərək 10 aylıq həbs cəzasını təsdiqləyib

Məhkəmə azərbaycanlı fəal Səhənd Məalinin etirazını rədd edərək 10 aylıq həbs cəzasını təsdiqləyib

GünAz TV: Sarab İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səhənd Məali barəsində çıxarılan 10 aylıq həbs cəzasını yenidən təsdiqləyib.

 

Azərbaycanlı fəal bundan əvvəl qiyabı olaraq çıxarılan hökmə etiraz edib və prosesə yenidən baxılmasını istəyib, lakin İnqilab Məhkəməsi onun etirazını rədd edərək həbs hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Fəal 20 gün ərzində Apelyasiya Məhkəməsinə şikayət edə bilər.

 

Məhkəmə Ettelaat İdarəsinin raportu əsasında fəalı “bölücü və millətçi qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edərək 10 aylıq həbs qərarı çıxarıb.

 

Hakim Mehdi Şəmsin çıxardığı hökmə əsasən fəalın həbs müddətində onun müvəqqəti saxlandığı günlər də hesab olunacaq.

 

Hökm qiyabi şəkildə çıxarılıb və “Bölücü və millətçi qrupların xeyirinə olaraq Babək qalası yığıncağına dəvətlə bağlı bildiriş yaymaqla sistemin əleyhinə təbliğat fəaliyyəti” adı altında aparılan sorğulamanın mətni də açıqlanmayıb.

 

İyulun 5-də Təhlükəsizlik qüvvələri Səhənd Məalinin ata evinə hücum çəkərək onu saxlayıb. Məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparan məmurlar Məalı ailəsini təhdid edərək azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüteri özləri ilə götürüblər.

Fəal Sarab zindanında 9 gün işgəncələr altında saxlandıqdan sonra iyulun 14-də 300 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Səhənd Məalı Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından  biridir, o bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və həbs cəzası ilə üzləşib.

 

İyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar müxtəlif şəhərlərdə təxminən 80 fəal saxlanıldı, onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ağır igəncələrə məruz qalıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN