Məhkəmə iclasına qatılan güney azərbaycanlı fəal yoxa çıxıb

Məhkəmə iclasına qatılan güney azərbaycanlı fəal yoxa çıxıb

GünAz TV: Güney Azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi Ərdəbil İnqilab Məhkəməsinə getdikdən sonra yoxa çıxıb və hazırda onun harada saxlanılması barədə məlumat yoxdur.

 

Yaxınları bildirirlər ki, Ərdəbil sakini olan fəal yanvarın 8-i saat 09:30-da hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə gedib. Lakin məhkəmə başa çatdıqdan sonra o, evə qayıtmayıb.

 

Fəalın ailəsi onun səhhətindən narahatdırlar. Onlar əlaqədar qurumlara Mehrdad Şeyxinin harada və hansı şəraitdə saxlanması barədə müraciət etsələr də, heç bir məlumat əldə edə bilməyiblər.

 

Fəalın milli-mədəni fəaliyyətlərinə nəzər saldıqda, onun həbs edilməsi ehtimalı var. Mehrdad Şeyxi 20 noyabr 2019-cu ildə Ərdəbildə atasının evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. 11 gün ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılmışdı. Müstəntiq Babək Nonehal tərəfindən fəala qarşı "siyasi sistem əleyhinə təbliğat" ittihamı irəli sürülüb.

 

Milli-mədəni fəalların dediklərinə əsasən, Babək Nonehal Ərdəbil əyalətinin məhkəmə orqanlarında azərbaycanlı fəallara qarşı heç bir sübut olmadan həbs hökmü çıxaran ETTELAAT-ın yeni əlaltılarındandır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN