Məlikanlı tutulmuş süpürgəçinin işgəncələr nəticəsində ölməsi və atasından məcburi etiraf alınması barədə məlumatlar yayılıb- VİDEO

Məlikanlı tutulmuş süpürgəçinin işgəncələr nəticəsində ölməsi və atasından məcburi etiraf alınması barədə məlumatlar yayılıb- VİDEO

GünAz TV: Bir müddət əvvəl həbs edilmiş Güney Azərbaycanın Məlikan rayonundan olan süpürgəçi Babək Ağazadənin ölümü və təhlükəsizlik qüvvələrinin onun atasından məcburi etiraf alması barədə məlumatlar yayılıb.

 

Süpürgəçi kimi çalışan Babək Ağazadə 2019-cu ilin dekabr ayının 16-da Məlikan bulvarında təmizlik işi apararkən şəhərin polis bölməsi qarşısında “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi əməkdaşları tərəfindən saxlanmışdı. 1 aydan çox vaxt keçməsinə rəğmən, hələ də onun nə üçün tutulduğu barədə məlumat verilməyib.

 

Babək Ağazadəni dekabrın 17-də bir neçə saatlıq Marağa həbsxanasına gətirib, orada şəxsi məlumatlarını electron portala daxil etdikdən sonra naməlum istiqamətdə aparmışdılar.

 

Saxlandığı gündən onun haqqında heç bir məlumat əldə edə bilməyən azərbaycanlı süpürgəçinin ailəsi dəfələrlə “Sepah”ın Kəşfiyyat İdarəsinə müraciət etsələr də, hamısı nəticəsiz qalıb.

 

Son günlər ərzində isə Məlikanda Babəkin təhlükəsizlik qüvvələri əməkdaşlarının fiziki işgəncələri nəticəsində öldüyü barədə məlumatlar yayılıb. Bundan sonra təhlükəsizlik məmurları süpürgəçinin atasından məcburi etiraf videosu alıblar.

 

Videoda çox pərişan olduğu açıq-aydın müşahidə edilən ata oğlunun öldürülməsini təkzib edib. O, həmçinin azərbaycanlı milli-mədəni fəallar əleyhinə fikirlər səsləndirir, eləcə də bildirir ki, “müqəddəs İran İslam Respublikasının məsullarının köməkliyi ilə ötən gecə oğlum ilə danışmışam, onun heç bir şikayəti yoxdur və biz də müqəddəs İran İslam Respublikasının qanunlarına tabeyik”.

 

Məlikanın Qurucan kəndindən olan 1977-ci il təvəllüdlü Babək Ağazadə orta təhsillidir. O, 20 ildən artıqdır ki, şəhər bələdiyyəsində süpürgəçi kimi çalışır. Böyrək çatışmazlığından əziyyət çəkən Babəkə bu 40 günlük həbs müddəti ərzində tibbi xidmət göstərilib-göstərilmədiyi barədə heç bir məlumat yoxdur.

 

Babək Ağazadə 2019-cu ilin may ayında “bizim şəhərimiz, bizim evimiz” adlı Telegram kanalı açmışdı və qısa müddət ərzində onun üzvlərinin sayı 3 mini keçmişdi. O, bu kanalda ətraf mühit, təbiət, tibb və sağlam qidalanma ilə bağlı məlumat və linklər paylaşırdı.

 

Babək kanalda paylaşdığı ilk postunda süpürgəçilik işinin çətinlikləri barədə məlumatlara yer vermişdi. Həbs edildiyi günün axşamı da ən son olaraq plastikdən həddindən artıq istifadənin insan həyatına mənfi təsirləri barədə məlumat paylaşmışdı.

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN