Milad Əkbəri barəsində çıxarılan qeyri-insani şallaq hökmü icra olunub

Milad Əkbəri barəsində çıxarılan qeyri-insani şallaq hökmü icra olunub

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Milad Əkbəri barəsində çıxarılan qeyri-insani şallaq hökmü Təbrizdə oktyabrın 10-da icra olunub.

 

Hökm Təbriz Prokurorluğunda yerləşən məhkəmənin  hökmləri icra edən şöbəsində icra edilib.

 

Bundan əlavə, fəal 4 ay həbs cəzasını əvəz edən 1 milyon 800 min tümən mübləğində cərimə ödəyib.

 

GünAz TV-yə daxil olan məlumata görə, Milad Əkbəri ödədiyi cərimə ilə bağlı bir məktub almaq üçün hökmləri icra edən məhkəmənin 5-ci şöbəsinə müraciət edərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bundan sonra fəala qarşı zor tətbiq edilərək şallaq hökmü icra olunub. Ona 20 şallaq zərbəsi vurulduğu bildirilir.

Fəalı saxlayan məmurlar ona qarşı etikadan kənar davranış göstərib və təhqiramiz ifadələr işlədiblər.

 

Xəbər verdiyimiz kimi, İranın Ettelaat əməkdaşları oktyabrın 6-da Milad Əkbərinin ata evinə hücum çəkib.

Fəalı yaxalamaq və evdə axtarış aparmaq adı ilə evə daxil olan məmurlar bütün əşyaları alt-üst edərək ailə üzvlərinin narahatlığına səbəb olublar.

Milad Əkbəri evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb. Məmurlar fəalın anasını təhdid edərək ona bildiriblər ki, Milad bir gün ərzində Ettelaat İdarəsinə müraciət etməsə, ona qarşı ciddi tədbirlər alınacaq.

M.Əkbərinin yaxınlarının GünAz TV-yə verdiyi məlumata görə, məhkəmə hökmünün icrası ilə bağlı evə hücum çəkən məmurlar fəalın anasına qarşı təhqiramiz ifadələr işlədib.

 

Kəleybər Məhkəməsi Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangirini sözdə “qanunsuz Babək qalası mərasimində iştirak edərək qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi nizam-intizamı pozmaq”da günahlandırıb. Məhkəmə islam cəza qanununun 618-ci maddəsinə istinad edərək fəalları 4 ay həbs cəzasını əvəz edən 1 milyon 800 min tümən nağd cərimə və 40 şallaq zərbəsinə məhkum edib. Həmin hökm sonralar Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

Fəallar məhkəmə prosesi zamanı müdafiə mətnlərini türk dilində yazıblar. Aprelin 4-də Azərbaycan türkcəsində məhkəməyə təqdim olunan müdafiə mətnləri hakim tərəfindən “anlaşılmaz və naməlum müdafiə” adlandırılıb.

 

2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən çox sayda milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin  azadlığa buraxılmasını tələb etmişdilər. Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cagangiri həmin mərasimdə daha 10 fəalla birlikdə saxlanılaraq zindana aparılıb, sonra müvəqqəti azadlığa buraxılmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN