“Perspolis” Tərəfdarları Birliyinin rəisinin azərbaycanlı fəal Kazım Koroğlunun tutulmasında əli var

“Perspolis” Tərəfdarları Birliyinin rəisinin azərbaycanlı fəal Kazım Koroğlunun tutulmasında əli var

GünAz TV: Azərbaycanlı fəallar tərəfindən Kazım Koroğlu adı ilə tanınan Kazım Səfabəxş 36 gün əvvəl Tehranda saxlanılıb, onun hələ də harada saxlandığı barədə dəqiq məlumat yoxdur.

 

Azərbaycanlı fəalın atası vəfat edib, anası isə yaşlı və xəstə olduğu üçün övladının dosyesi və vəziyyəti ilə maraqlana bilmir.

 

Kazım Koroğlu noyabrın 21-də Təbrizin “Traxtur” futbol komandası ilə “Perspolis”in Tehranda keçirilən görüşü ərəfəsində axşam saatlarında saxlanılıb. O “Tehran Traxturçuları”nın lideri sayılır və “Urmiyə 90”la “Perspolis”in Azadi stadionunda keçirilən görüşü zamanı “Perspolis” Tərəfdarları Birliyinin rəisi Abbas İsmayıl Beygi ilə qarşıdurma yaşayıb və döyülmüşdür. Bu hadisədən bir gün sonra onun şəxsi avtomobili Abbas İsmayıl Beyginin əlaltıları tərəfindən hücuma məruz qalıb.

 

Abbas İsmayıl Beygi “Perspolis” tərəfdarlarına rəhbərlik edir, o İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvüdür və pul qarşılığında bir müddət Suriyada savaşıb.

 

“Perspolis” tərəfdarlarını sistemli şəkildə türklərin əleyhinə şüar səsləndirməyə təşviq edən Abbas İsmayıl Beyginin azərbaycanlı fəal Kazım Koroğlunun saxlanmasında rolu olduğu bildirilir.

 

Bu arada təsdiqlənməmiş bəzi xəbərlərə görə Kazım Koroğlu Tehranın Evin zindanında saxlanılır.

 

Kazım Koroğlu Güney Azərbaycanın Meşginşəhr şəhərindəndir, lakin son vaxtlar Tehranda işləyir. O “Traxtur” komandasının Tehranda keçirdiyi görüşlərdə komanda tərəfdarları arasında xüsusi rol oynayır. Fəal bundan əvvəl də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN