Siyamək Mirzayi aclıq aksiyasının 8-ci günündə

Siyamək Mirzayi aclıq aksiyasının 8-ci günündə

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasının 8-ci gününü keçirir.


Güney azərbaycanlı fəal 3 illik həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan zindanının 209-cu korpusuna intiqal edilib.


Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirir.


Siyamək Mirzayi 2016-cı il iyunun 24-də Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.


Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub. Lakin məhkəmə məsulları təyin olunan vəsiqəni qəbul etməkdən imtina edir və bu şəkildə fəalın azadlığa buraxılmasına maneçilik yaradırlar.


Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanada Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.


Fəal irəli sürülən ittihamı saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.


Xatırladaq ki, güney Azərbaycanlı milli-mədəni fəallar ötən günlərdə Azərbaycan şəhərləri və Tehranın müxtəlif məhəllələrində divarlara posterlər yapışdıraraq tanınmış  fəal Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb ediblər.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN