Siyamək Mirzayi sürgünə göndərildi, o polisin müşayiəti ilə Cənubi Xorasan Əyalətinə aparılıb

Siyamək Mirzayi sürgünə göndərildi, o polisin müşayiəti ilə Cənubi Xorasan Əyalətinə aparılıb

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi yaxınları ilə telefon əlaqəsi saxlayaraq polisin müşayiəti ilə bir illik sürgün cəzasını çəkmək üçün Qain şəhərinə aparıldığını bildirib.

 

Qain Cənubi Xorasan Əyalətində yerləşir.

 

Azərbaycanlı fəal 3 illik həbs cəzasını bir aylıq təxirdən sonra Evin zindanında başa vurub. O Baharistan Məhkəməsində 1 illik sürgün cəzası ilə bağlı qərar verilmək üçün iyulun 28-də Evin zindanından Baharistanın Sultanabad 11-ci Polis Bölməsinə intiqal edilib. Baharistan Məhkəməsi iyulun 29-da onun Qain şəhərinə sürgün edilməsi ilə bağlı qərar qəbul olunub. Fəal bundan əvvəlki hökmə görə Təbəs şəhərinə sürgün edilməli di, lakin sürgün ediləcəyi şəhər məhkəmə tərəfindən dəyişdirilib.

 

Həbs cəzasını Evin zindanının 8-ci korpusunda çəkən S.Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə edildi. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir. Fəal həbs müddətindən 1 ay artıq saxlanıldı, o bir ayın 20 gününü Evin zindanının 209-cuu bölümündə keçirdi. Fəal bu müddətdə azadlığa buraxılmamasına etiraz olaraq aclıq etmişdir.

Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanadan Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.

 

Son günlərdə azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan 30 milyon tümənlik mülki vəsiqənin məbləği və növü bir neçə dəfə dəyişdirilib. O sonda 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Əslində vəsiqə ötən çərşənbə günü təqdim olunub, lakin məhkəmə iş vaxtının bitməsini bəhanə edərək onun sərbəst buraxılmasını təxirə salmışdır.

 

S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum etmişdir.

 

39 yaşlı azərbaycanlı şair və yazıçı S.Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN