Siyamək Mirzayinin azadlığa buraxılmasına icazə verilmir

Siyamək Mirzayinin azadlığa buraxılmasına icazə verilmir

GünAz TV: Bundan əvvək məhkəmə tərəfindən təyin olunmuş mülki vəsiqə qərarının təqdim olunmasına baxmayaraq güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin Tehranın Evin zindanından azad edilməsinə icazə verilmir.

 

Siyamək Mirzayinin ailə üzvləri iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət ediblər, lakin onlar məsulların kobud cavabı ilə üzləşib: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq.”

 

Bu qanunsuz hərəkət o halda baş verib ki, Siyamək Mirzayi iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub.

 

Siyamək Mirzayi 2016-cı il iyunun 24-də Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Azərbaycanlı fəalın məhkumluq müddəti iyunun 28-də başa çatıb, lakin o bu tarixə 2 gün qalmış Evin Zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsi tərəfindən yeni ittihamla üzləşib. Məsullar bu şəkildə onun azadlığa buraxılması üçün maneçilik yaradıblar. Fəala qarşı irəli sürülən ittihamın “sübutlar”ı kimi, onun həbsxanada Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsi göstərilib.

 

Fəal bu ittihamları saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.

 

Azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN