Son həbslər dalğasında tutulan bu fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır

Son həbslər dalğasında tutulan bu fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır

GünAz TV: İyul ayının əvvəllərində keçirilən Babək qalası yürüşü ilə əlaqədar saxlanılan çox sayda azərbaycanlı fəaldan 4-ü hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

İbrahim Nuri və Cəfər Rüstəmi Tehranın Evin Zindanında, Kiyumərs İslami Muğan zindanında və Qulam Quluzadə Urmiyə zindanının karantin bölümündə ağır şəraitdə saxlanılır. Məlumata görə, təhlükəsizlik qüvvələri fəalların sərbəst buraxılmasına imkan vermir.

 

Cəfər Rüstəminin həyat yoldaşı Ziba Pilevərin İnstaqram səhifəsində yaydığı məlumata görə, “ilk öncə milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunan fəal artıq sistemə qarşı təbliğat aparmaqda günahlandırılır. Onun sərbəst buraxılması üçün iki maaş qəbzi və 40 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb, lakin ailəsinin təqdim etdiyi vəsiqə naməlum səbəbdən qəbul olunmur və fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır. Tehranın Evin zindanında saxlanılan fəalın dosyesinə həbsxananın sorğulama mərkəzinin 7-ci şöbəsində baxılır.”

 

İyulun 2-də Cəfər Rüstəmi ilə birlikdə saxlanılan İbrahim Nuri də Evin Zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Mütəntiq fəalın dosyesinə xüsusi baxıldığını və prosesin uzun sürəcəyini qeyd edib.

İbrahim Nuri bundan əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o son iki məhkəmə prosesində toplam olaraq 16 ay həbs cəzasına məhkum edilib.

 

İyulun 5-də Muğanda saxlanılan Kiyumərs İslami isə işgəncələr altında dindirildikdən sonra Muğan zindanının karantin bölümünə aparılıb.

İşgəncələr altında başı yarılan fəalın azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqə təmin edilsə də, təhlükəsizlik qüvvələri onun azadlığa buraxılmasına imkan vermir.

 

Urmiyəli fəal Qulam Quluzadə isə iyulun 5-də Kəleybər şəhərində saxlanılıb. Məlumata görə, fəal yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən ağır işgəncə edilib. O bu səbəbdən Polis İdarəsinin poliklinikasına yerləşdirilib. Bundan sonra azərbaycanlı fəal Urmiyə prokurorunun göstərişi ilə poliklinikadan bu şəhərin təcridxanasına aparılıb, o hazırda naməlum və qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək çox sayda fəalı yaxalayıb, bir neçə fəal isə qalada saxlanılıb. Ümimilikdə Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə işgəncə edilib.

Azərbaycanlı fəallar son illərdə Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasında kütləvi yürüş keçirir. Hər il iyulun əvvəllərində keçirilən ənənəvi yürüş zamanı çox sayda fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN