Sulduzda 3 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Sulduzda 3 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlının məhkəmə iclası keçirilib.

 

Fəallar aprelin 7-də Sulduz 2 nömrəli Cəza Məhkəməsinin 103-cü şöbəsində hakim Kiyumərsinin sərdliyi ilə keçirilən iclasda mühakimə olunub.

 

Fəallar “qanunsuz yığıncağa qatılmaq, başqalarını yığıncağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.

 

Ulduz Qasimi məhkəmə prosesində bildirib ki, bu dosye təhlükəsizlik qüvvələrində təşkil olunub. Mən prokurorluqda dindirilmə zamanı da bu barədə öz fikirlərimi dedim, bu gün məhkəmədə demək üçün yeni sözüm yoxdur.

 

Təbriz zindanında saxlanılan Əmir Səttari isə əl-ayağı qandallı şəkildə məhkəməyə gətirilib. O insan şərəf və ləyaqətini qorumaq məqsədi ilə məhkəməyə getirildiyi zaman məhbuslara məxsus geyimi geyməkdən imtina edib.

 

Özünümüdafiə mətnini türk dilində təqdim edən Cavad Əhmədi Yekanlı isə saxlandıqları zaman onlara qarşı güc tətbiq edənlərin cəzalandırılmasını tələb edib. “Bu vəziyyətdə hansı ədalətdən söhbət gedə bilər! Bu gün işgəncə edənlər qanunun icra olunmasından qorxmadan sərbəst və rahat şəkildə yaşayır. Lakin biz məzar başına getdiyimiz üçün təqib olunuruq!”- deyə o bildirib.

 

Qeyd edək ki, sözügedən dosye təşkil olunduqdan 2 ay sonra məhkəmənin prokurorluqda olan nümayəndəsi  tərəfindən qapanıb, lakin Sulduz prokuroru təhlükəsizlik qüvvələrinin təzyiqi ilə dosyeni yenidən bərpa edərək fəalların təqib edilməsi haqda qərar qəbul edib.

 

Adlarını çəkdiyimiz fəallar 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda saxlanılıb. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən ildönümü mərasimi ilə bağlı tutulmuşdur. Fəalların əksəriyyəti yaxalandığı gün  buraxılsa da Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN