Sulduzda saxlanılan Cavad Əhmədidən xəbər yoxdur / Ettelaat İdarəsi Ulduz Qasiminin azadlığa buraxılmasına mane olur

Sulduzda saxlanılan Cavad Əhmədidən xəbər yoxdur / Ettelaat İdarəsi Ulduz Qasiminin azadlığa buraxılmasına mane olur

GünAz TV: Xəbər verdiyimiz kimi, mayın 25-də Güney Azərbaycanda baş tutan Milli Qiyamın 12-ci ildönümü münasibəti ilə Sulduz şəhidlərinin məzarı başında mərasim keçirilib.

 

Mərasimə qatılan yerli və digər şəhərlərdən gələn çox sayda milli-mədəni fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı barədə xəbər yaymışdıq. Onların əksəriyyəti artıq müvəqqəti olaraq azadlığa buraxılıb. Lakin xanım Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı, Əmir Səttari və Murad Əmmari adlı fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır. Fəalların quru aclıq aksiyası keçirdiyi də bildirilir.

 

Məlumata görə, Cavad Əhmədi Yekanlının ailəsi onun vəziyətindən nigarandır. Buna səbəb fəalın harada və hansı şəraitdə saxlanılması ilə bağlı heç bir məlumatın olmamasıdır. Əhmədi ailəsi bu haqda məlumat almaq üçün səlahiyyətli noqanlara dəfələrlə müraciət etsələr də, Ettelaat İdarəsi və məhkəmə məsulları onlara hərhansı məlumat verməkdən imtina edir.

 

Bundan əvvəl Xoy şəhərinin Ettelaat əməkdaşları dəfələrlə Cavad Əhmədi və onun ailəsi ilə telefon əlaqəsi saxlayaraq fəalı idarəyə çağırıb və təhdid ediblər. Cavad Əhmədi bəzi Azərbaycan kanallarında etiraza çağırış elan olunduqdan sonra yanvarın 1-də elan olunmuş məkanlardan birinə gedib və həmin məkanı tərk etməsini istəyən təhlükəsizlik qüvvələri ilə mübahisə etmişdir. GünAz TV-yə verilən məlumata görə, Ettelaat əməkdaşlarının onu təhdid edərək idarəyə çağırması da məhz bu məsələ ilə bağlı olub.

 

Son zamanlar Əhmədi ailəsi Ettelaat İdarəsi tərəfindən xüsusi olaraq təzyiq altında saxlanılır. Onlara bildirilib ki, “Cavada diqqət etsinlər, o davranışlarını dəyişməyəcəyi təqdirdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılacaq.”

 

Bu arada Ettelaat İdarəsi Sulduzda yaxalanan xanım Ulduz Qasiminin azadlığa buraxılmasına imkan vermir.

 

Əldə etdiyimiz məlumata görə, Urmiyə və Sulduz məhkəmələri mayın 30-da xanım U.Qasiminin sərbəst buraxılması haqda qərar çıxarıb, lakin hökm icra olunmur. Verilən məlumata görə, Urmiyənin Ettelaat İdarəsi azərbaycanlı fəalın azadlığa buraxılmasına mane olur.

 

Məhkəmə Ulduz Qasiminin aclıq aksiyasının 3-cü günündə onun azadlığa buraxılması haqda qərar çıxarıb.

 

 

Bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.


2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub. Hər il Milli Qiyamın ildönümü münasibəti ilə Sulduz şəhidlərinin məzarı başında anım mərasimi təşkil olunur. Təəəsüflər olsun ki,  bu günə qədər keçirilən hər mərasimdə bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, mərasimdə iştirak edənlər uzun müddət təqiblərə məruz qalıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN