Sulduzda saxlanılan fəallar müvəqqəti olaraq sərbəst buraxılıb

Sulduzda saxlanılan fəallar müvəqqəti olaraq sərbəst buraxılıb

GünAz TV: Ötən Günlərdə Güney Azərbaycanda baş tutan Milli Qiyamın 12-ci ildönümü münasibəti ilə Sulduz şəhindlərinin məzarı başında mərasim keçirilib.

 

Mayın 25-də keçirilən mərasimdə yerli və digər şəhərlərdən gələn azərbaycanlı milli-mədəni fəallar iştirak edib. Təhlükəsizlik qüvvələri dinc keçirilən mərasimə kobud müdaxilə edərək çox sayda iştirakçını yaxalamışdır. Lakin 4-ü istisna olmaqla saxlanılan fəalların əksəriyyəti azərbaycanlıların sosial şəbəkələrdəki kəskin etirazından sonra sərbəst buraxılmışdır.

 

Son məlumata görə, artıq Murad Əmmari, Cavad Əhmədi Yekanlı və Əmir Səttari hər biri 100 milyon tümənlik mülki vəsiqə qarşılığında şənbə günü azadlığa buraxılıb.

 

Xanım Ulduz Qasimi isə mayın 31-də mülki vəsiqə girov qoyduqdan sonra Urmiyənin Mərkəzi Zindanından sərbəst buraxılıb.

 

Yuxarıda adları çəkilən fəallar sözdə qanunsuz keçirilən mərasimə qatıldıqları üçün ümumi asayişi pozmaqda günahlandırılıb. Fəallar mayın 27-də Sulduz məhkəməsinin hakimi Əli Şahinin çıxardığı qərara əsasən 100 milyon tümənlik mülki vəsiqə qərarı ilə üzləşiblər. Əmir Səttari, Murad Əmmari və Cavad Əhmədi Yekanlı azad olunanadək Sulduz həbsxanası, Ulduz Qasimi isə Urmiyə zindanında saxlanılıb.

 

Fəallar tələb olunan mülki vəsiqəni təmin etdikdən sonra sərbəst buraxılıb.

 

Məlum olduğu kimi, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub. Hər il Milli Qiyamın ildönümü münasibəti ilə Sulduz şəhidlərinin məzarı başında anım mərasimi təşkil olunur. Təəəsüflər olsun ki,  bu günə qədər keçirilən hər mərasimdə bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, mərasimdə iştirak edənlər uzun müddət təqiblərə məruz qalıblar. Təhlükəsizlik qüvvələrinin dinc keçirilən mərasimlərə kobud müdaxiləsi hər zaman azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN