Sulduzda saxlanılan fəalların vəziyyəti haqda ən son məlumat

Sulduzda saxlanılan fəalların vəziyyəti haqda ən son məlumat

GünAz TV: Mayın 25-də Güney Azərbaycanda baş tutan Milli Qiyamın 12-ci ildönümü münasibəti ilə Sulduz şəhindlərinin məzarı başında mərasim keçirilib.


Mərasimdə yerli və digər şəhərlərdən gələn azərbaycanlı milli-mədəni fəallar iştirak edib.


Mərasim ötən illərdə olduğu kimi, bu il də təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi və bir neçə fəalın saxlanılması ilə yadda qalıb.


Əldə etdiyimiz məlumata görə, təbrizli fəallar Məhəmməd Mahmudi, Davud Mahmudi və Rəsul Sələhşur, həmçinin Əhər sakinləri Murtaza Məhəmmədi, Məhəmməd Qənbərzadə, Murtaza Səfəri və Vahid Bəstami Sulduza gələrgən Məhəmmədyar üçyolunda saxlanılıb və Heydərabad Polis Bölməsinə aparılıblar. Onlar qanunsuz olaraq yaxalandıqlarına görə tutulduqları andan aclıq aksiyasına başlayıblar. Nəhayət ki, fəallar Təbriz vaxtı ilə saat 12 radələrində Məhəmmədyarın Polis Bölməsinə intiqal edilib və bir gün sonra (6-cı gün) mülki vəsiqə girov qoymadan sərbəst buraxılıblar.


Sulduzlu fəallar Əli Xocəstə, Məhərrəm Kərimi, Kavə Nuri, Babək Siyami, Səccad Şohiri və Nasir Əhmədi isə mərasimdən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Heydərabad Polis Bölməsinə aparılıb, onlar 5 saat saxlandıqdan sonra sərbəst buraxılıb.


Təbriz sakini Əmir Səttari, Urmiyə sakini xanım Ulduz Qasimi və Xoy sakinləri Murad Əmmari və Cavad Əhmədi Yekanlı mərasim bitdikdən sonra yaxalanıb və Ulduz Qasimi istisna olmaqla Sulduzun Ettelaat İdarəsinə aparılıblar. Məlumata görə, Ulduz Qasimi  Sulduz Polis İdarəsi Təhlükəsizlik Bölümünün təcridxanasında saxlanılıb. Prokuror onunla yaxalanan digər fəalların Urmiyənin Ettelaat İdarəsinə intiqal edilməsi ilə bağlı hökm çıxarıb, lakin Urmiyə Ettelaat İdarəsi həmin fəalları qəbul etməkdən imtina etdiyi üçün onlar Sulduz Ettelaat-da saxlanılıb.


Ümumi asayişi pozmaqda ittiham olunan Əmir Səttari, Ulduz Qasimi, Murad Əmmari və Cavad Əhmədi nəhayət ki, mayın 26-da Sulduz məhkəməsinin hakimi Əli Şahinin çıxardığı qərara əsasən 100 milyon tümənlik mülki vəsiqə hökmü ilə üzləşiblər. Fəallar mülki vəsiqə təqdim etmədikləri üçün Əmir Səttari, Murad Əmmari və Cavad Əhmədi Yekanlının Sulduz həbsxanasına, Ulduz Qasiminin isə Urmiyə zindanına intiqal edildiyi bildirilir.


Bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.


2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub. Hər il Milli Qiyamın ildönümü münasibəti ilə Sulduz şəhidlərinin məzarı başında anım mərasimi təşkil olunur. Təəəsüflər olsun ki,  bu günə qədər keçirilən hər mərasimdə bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, mərasimdə iştirak edənlər uzun müddət təqiblərə məruz qalıblar.

N.S



HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN