Sulduzdan olan mədəni fəallar: “Abbas Lisaninin tələblərinə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət ediləcək”

Sulduzdan olan mədəni fəallar: “Abbas Lisaninin tələblərinə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət ediləcək”

GünAz TV: Güney Azərbaycanın Sulduz şəhərindən olan milli-mədəni fəallar səlahiyyətli orqanlara xəbərdarlıq edərək Abbas Lisaninin tələblərinə baxılmasını tələb ediblər.

 

Bir neçə rəsmi orqana açıq məktub ünvanlayan fəalar məsələyə baxılmayacağı təqdirdə beynəlxalq qurumlara müraciət edərəclərini bildiriblər.

 

Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-dən aclıq aksiyası keçirir.

 

Sulduzlu fəallar Ərdəbil Əyaləti Ədliyə Şöbəsi və İnqilab Məhkəməsinin rəisi, Ərdəbil valisi, Ərdəbilin imam cüməsi, azərbaycanlı millət vəkilləri, həmçinin işıqlandırmaq üçün ölkə və əyalətin mətbuat orqanlarına ünvanladıqları məktubda tanınmış fəalın hüquqlarının təmin olunması ilə bağlı ciddi xəbərdarlıq ediblər.

 

“Azərbaycanın tanınmış mədəni fəalı cənab Abbas Lisani bir neçə aydır ki, saxlanılır. O həmçinin saxlanma vəziyyəti ilə bağlı bir müddətdir ki, aclıq aksiyası keçirir. Ona görə də onun sağlamlığı təhdid altındadır. Biz Sulduzdan olan bir qrup mədəni fəal ona dəstək verdiyimizi elan edərək aclıq aksiyasını davam edəcəyi təqdirdə səhhətinin təhlükə altına düşəcəyindən nigaranıq. Biz qeyd olunan problemlərin aradan qaldırılması və onun sərbəst buraxılmasını tələb edirik.

 

Vurğulamaq lazımdır ki, tələbimizə məhəl qoyulmasa, beynəlxalq qurumlar və insan hüquqları müdafiəçilərinə müraciət ediləcək. Bu bizim təbii hüququmuzdur.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Məktub Mir Musa Ziya Gərgəri (Seyid Ziya), Mustafa Qasimi, Əli Hacı Məhəmmədi, İsa Yeganə, Məhərrəm Kərimi, Səccad Şoheyri, Möhsün Qasimi, Arəş Dilməqani, Kərim Aşofte və Əjdər Hacızadə tərəfindən yazılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN