Tanınmış azərbaycanlı fəal Abbas Lisani saxlanılıb

Tanınmış azərbaycanlı fəal Abbas Lisani saxlanılıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Fəalın yaxınlarının dediyinə görə, o yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən yaxalanıb.

 

Hələlik onun saxlanmasının təfərrüatı barədə heç bir məlumat yoxdur.

 

Ərdəbil İnqilab Məhkəməsi 2018-ci il dekabrın 31-də fəala SMS göndərərək Babək qalası mərasimi ilə bağlı dosyeyə görə 10 ay həbs cəzasına məhkum edildiyini bildirmişdir.

 

Bundan əvvəl hökmlə bağlı dəqiq məlumat olmadığı üçün, fəalın ailəsi məhkəmənin hökmləri icra edən şöbəsinə müraciət edib. Onlara bildirilib ki, fəal Təbriz zindanında keçirmək şərti ilə 10 ay həbs cəzasına məhkum edilib.

 

Abbas Lisani qiyabi hökmlə nəticələnən məhkəmə prosesini siyasi xarakterli və qanunsuz adlandırıb. O bildirib ki, qeyri-rəsmi və qanunsuz şəkildə məhkəməyə çağırıldığına məhəl qoymadığı kimi, hökmün icra olunması mərhələsində də müqavimət göstərəcək. Ona görə ki, Ettelaat Nazirliyi və məhkəmə sisteminin rüsvayçı hökmünün icra tərzi, zaman və məkanı onların istəyinə uyğun olmamalıdır.

 

Tanınmış fəal 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

 

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

 

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qalada və Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır. Abbas Lisani mərasimə bir neçə gün saxlanmış fəallar arasında olub.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN