Təbrizdə Nasir Əlirzayi adlı azərbaycanlı fəal saxlanılıb

Təbrizdə Nasir Əlirzayi adlı azərbaycanlı fəal saxlanılıb

GünAz TV: Xəbər verdiyimiz kimi, aprelin 26-da Təbrizdə gənc oğlan və qızın gəzdiyi bir minik avtomobili, İrşad adı ilə tanınan patrul xidməti əməkdaşları tərəfindən təqib olunub, bunun nəticəsində baş verən qəzada 16 yaşlı qız həyatını itirib.

 

Əldə etdiyimiz məlumata görə, hadisə ilə əlaqədar  azərbaycanlı milli-mədəni fəal Nasir Əlirzayi cümə günü internetə nəzarət edən kiber polisi tərəfindən saxlanılıb. Polis fəalı baş verən hadisə ilə bağlı şayiə yaymaqda günahlandıraraq onu aprelin 27-də öz şəxsi evində yaxalayıb.

 

Bəzi mənbələr fəalın təsadüfi olaraq hadisə yerinə getdiyini, bəziləri isə onun baş verən qanlı hadisəyə görə polislə mübahisə etdiyini bildirir.

 

Hazırda azərbaycanlı fəalın Təbrizin Saib xiyabanında yerləşən polis bölməsində saxlandığı qeyd olunur.

 

Gənclərin polis tərəfindən təqib olunması, onların polisdən qaçması və qanlı avtomobil qəzasına hər kəsin şahid olduğu halda, Polis İdarəsi faktı inkar edərək N.Əlirzayini yalan məlumat və şayiə yaymaqda günahlandırıb.

 

Qeyd edək ki, ötən cümə axşamı günü Təbrizin Bağmişə şəhərciyində irşad polisi əməkdaşları bir gənc qızın ölümünə səbəb olub. Belə ki, gənc qız və oğlan öz şəxsi avtomobilləri ilə şəhərə çıxıblar. Onlar İrşad polisi tərəfindən təqib olunduqlarını fərq edincə, sürətlə polisdən uzaqlaşmağa çalışıblar. Polis isə avtomobili təqib etməyə davam edib. Bunun nəticəsində qız və oğlanın olduğu avtomobil kontroldan çıxaraq bir avtobus ilə toqquşub. Baş verən qəzada 16 yaşlı gənc qız hadisə yerində keçinib.

 

Aşağıdakı görüntüdə sözügedən oğlanın qəzadan sonra polis avtomobilinin yanında ağladığı görünür.

 

 

 

İran polis hicabsızlıq, qeyri-məşru münasibət və digər bəhanələrlə gənc qız və oğlanları davamlı olaraq təzyiq altında saxlayır. Qız və oğlan arasında olan ən adı münasibət onların təqib və təzyiqlərə məruz qalması və məhkəmə qarşısına çıxarılması ilə nəticələnə bilər.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN