Təbrizdə Türk dili müəllimi döyülərək həbs edilib

Təbrizdə Türk dili müəllimi döyülərək həbs edilib

GünAz TV: Azərbaycan Milli Hərəkatının mədəni fəalı və Bostanabad şəhərində Türk dili müəllimi kimi çalışan Səməd Zakirini İranın təhlükəsizlik qüvvələrinin işçiləri döydükdən sonra həbs edib.

 

Dünən İran təhlükəsizlik qüvvələri Arkin Savaş ləqəbli İstanbul Tükcəsi və xəttatlıq müəllimi Səməd Zakirinin Təbriz şəhəri yaxınlığında yerləşən Bostanabad şəhərindəki şəxsi təhsil müəssisəsinə gəliblər. Dərs zamanı sinif otağına daxil olub, onu nalayiq sözlərlə təhdid edərək döyüblər.

 

ETTELAAT işçiləri daha sonra müəllimi həbs edib, naməlum istiqamətə aparıblar. Yayılan məlumatlarda Səməd Zakirinin bütün kitabları, bahalı filiz qələmləri və şəxsi əşyalarının da ETTELAAT tərəfindən götürüldüyü bildirilir.

 

Səməd Zakiri bir neçə ildir ki, Latın əlifbası üzrə Türk dili xəttatlıq dərsləri təşkil etməsi, eləcə də tələbələr və Türkiyədə təhsil almaq istəyənlərə İstanbul Türkcəsini tədris etməsi kimi milli-mədəni fəaliyyətlərinə görə, İran təhlükəsizlik orqanları tərəfindən dəfələrlə təhdid edilib.

 

Xatırladaq ki, Səməd Zakiri təxminən 10 il bundan öncə Təbrizin “17 Şəhrivər” küçəsində yüksək səslə Azərbaycan müsiqisinə qulaq asdığı üçün İran polisi tərəfindən güllələnən yeniyetmə Armin Sadiqi Xosrov oğlunun dayısı oğludur.

 

Səməd Zakiri və ailəsi bu hadisədən sonra başından aldığı güllə yarası nəticəsində zehni əlilliyi yaranan Armini güllələyən cinayətkar polislərin məsuliyyətə cəlb edilməsi üçün göstərdikləri səylərə görə, dəfələrlə İran təhlükəsizlik qüvvələri tərəfindən ölümlə hədələniblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN