Tohid Əmir Əmini və Kiyanuş Aslani 14 il həbs cəzasına məhkum edilib

Tohid Əmir Əmini və Kiyanuş Aslani 14 il həbs cəzasına məhkum edilib

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani toplam olaraq 14 il azadlıqdan məhrum edilib.


Bu barədə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim İman Əfşar qərar çıxarıb.


Azərbaycanlı fəallar ötən Beynəlxalq Ana Dili Günü ərəfəsində (hicri-şəmsi təqvimi ilə isfənd ayında) Tehranda trakt yayaraq bu önəmli günü təbrik etdikləri üçün saxlanılıb və Evin zindanına aparılmışdır.


Fəallar iyulun 13-də zindandan məhkəməyə çağırılaraq barələrində çıxarılan hökm açıqlanıb.


Onlar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparma” kimi qondarma ittihamlarla üzləşib. Məlumata görə, Tohid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 1.5 il azadlıqdan məhrum edilib. Kiyanuş Aslani isə birinci ittihama görə 5 il həbs cəzasına məhkum olunub, o ikinci ittihamdan bəraət qazanıb. Bununla da Tohid Əmir Əmini 9 il, Kiyanuş Aslani isə 5 il və toplam olaraq 14 il həbs cəzasına məhkum ediliblər.


Həbsdən əlavə, hökmə əsasən Kiyanuş Aslaninin ictimai hüquqlarına məhdudiyyət qoyulub, o iki il müddətinə heç bir qrupa üzv ola bilməz.


Hakim İman Əfşar hökmü açıqlayarkən Kiyanuş Aslaniyə xitabən gülərək bildirib ki, “sizin barənizdə belə bir hökmün çıxarılacağını özüm də düşünməmişdim.”


Azərbaycanlı fəalların məhkəmə iclası iyunun 23-də keçirilmişdir.


Mühəndis Kiyanuş Aslani Tehran Azad Universitetində inşaat mühəndisliyi üzrə yüksək lisans pilləsində təhsil alır. Tohid Əmir Əmini isə Güney Azərbaycanda xüsusi aktivliyi ilə seçilən milli-mədəni fəallardan biri olub. Onlar həftələrlə təknəfərlik kameralarda sorğu-suala tutulduqdan sonra Tehranın Evin zindanının 4-cü korpusuna intiqal edilib.


İran rejimi son aylarda Güney Azərbaycan Milli Hərəkatı fəallarına təzyiqləri artırıb. Yüzlərlə fəal təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb və ya məhkəmə qarşısına çıxarılaraq ağır həbs hökmü ilə üzləşib.


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN