Xoy şəhərinin İnqilab Məhkəməsi onlarla soydaşımızı bir neçə dəqiqədə mühakimə edib

Xoy şəhərinin İnqilab Məhkəməsi onlarla soydaşımızı bir neçə dəqiqədə mühakimə edib

GünAz TV: 2018-ci ilin dekabr və 2017-ci ilin yanvar aylarında baş qaldıran kütləvi etirazlarla (dey ayı etirazları) əlaqədar Xoy şəhərində saxlanılıb sonra müvəqqəti azadlığa buraxılan  35 soydaşımızın məhkəmə iclası keçirilib.

 

Sentyabrın 10-da Xoy İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilən məhkəmə iclasında müttəhimlərdən 34-ü iştirak edib. Məlumata görə, fəalların hər birinin mühakiməsi cəmi 1-3 dəqiqə sürüb.

 

Yalnız hakim və müttəhimlərin olduğu məhkəmə iclasında, fəallara özünü müdafiə etmək üçün fürsət verilməyib. Ona görə də müttəhimlər çıxarılacaq qərarın ədalətsiz və təhlükəsizlik orqanlarının tapşırığına uyğun olacağından ehtiyatlanır.

 

Məhkəmə iclasında Məhəmməd Baqir Əbazəri, Əmir İbrahimzadə Xoyi, Əli Oruczadə Əmirbəyli, Məryəm Əsədlu, Əlirza Cabbari, Əkbər Cəfərpur, Hamid Cəfəri, Vəhid Cəfəri, Məhəmməd Hacı Allahyari, Nasir Hacızadə, Hadi Hacı Əlizadə Parçlu, Sədra Hacı Əliqulilu, Milad Hacilu, Ruhulla Hüseynzadə, Mehdi Heydəri Ağbaş, Şayan Xəlilzadə, Vəhid Rüstəmlu, Mehdi Zamanxani, Arif Sultanəlizadə, Hatif Sultanəlizadə, Həmid Sadiq, Arzu Səhrayi, Əmir Hüseyn Alinəjad, Mənuçehr Qaraməhəmmədli, Məhəmməd Qələci, Abbas Köçəri, Hamid Gələvani, Milad Mafikəndi, Məhəmməd Möhsünnəjad Xoyi, Məcid Məhəmmədi, Əmir Mahmudi, Rza Mehrani və Məhəmməd İsmail Yekani iştirak edib.

 

Eyni dosye ilə əlaqədar məhkəməyə çağırılan Aydın Möhsünnəjad məhkəmə iclasında iştirak etməyib.

 

BBC-Farsi 35 müttəhimdən 32-nin saxlanması barədə hökm çıxarıldığını iddia edib. Lakin bu barədə dəqiq məlumat yoxdur.

 

Adı çəkilən soydaşlarımız 2017-ci il dekabrın 31-də Xoyda keçirilən aksiyadan sonra Ettelaat İdarəsi, “Sepah” və polis əməkdaşları tərəfindən saxlanılıb, onlar sorğu-suala tutulduqdan sonra ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Soydaşlarımız yaxalanarkən təhqiramiz şəkildə döyülüb. Onlar həmçinin təhdid edilib ki, döyülmə faktı mətbuata çıxarılarsa onun bədəli ağır olacaq.

 

Onlar “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sözləşmə”, “sistemə qarşı təbliğat fəaliyyəti”, “rəhbəri təhqir etmək”, “İctimaiyyəti təşvişə salmaq”, “ictimai nizam-intizamı pozmaq” və “Ümumi asayişi pozmaq” kimi ittihamlarla üzləşiblər.

 

Ötən dekabr ayında Xoyda keçirilən dinc aksiyada 60 nəfərdən çox soydaşımız saxlanılıb, onlardan bir çoxu  məhkəmə qarşısına çıxarılıb. İranda iqtisadi vəziyyətin gərgin olması və ədalətsizliyə qarşı keçirilən etiraz aksiyaları təxminən 100 şəhərdə baş tutmuşdur. Ölkənin ictimai-siyasi vəziyyətinə təsir edən aksiyalar aylarca siyasi orqanlar və mətbuatın gündəmində əsas məsələyə çevrilmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN