Aclıq aksiyasının 11-ci günündə Siyamək Mirzayinin səhhəti ağırlaşıb

Aclıq aksiyasının 11-ci günündə Siyamək Mirzayinin səhhəti ağırlaşıb

GünAzTV: İranda azərbaycanlıların milli haqları uğrunda dinc fəaliyət apardığına görə 1 ilə yaxındır Tehranın Evin zindanında saxlanılan və qanunsuz həbsinə etiraz olaraq 11 gündən bəri aclıq aksiyası keçirən fəal Siyamək Mirzayinin səhhəti ağırlaşıb, gözlənilməz dərəcədə arıqlayıb.

 

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, son günlər Evin zindanının rəhbərliyi iki dəfə Siyamək Mirzayini çağırıb müxtəlif vədlərlə ondan aclığı dayandırmasını istəsə də, azərbaycanlı fəal onların bu təklifini rədd edib. Bildirilir ki, aclığa başlamazdan əvvəl 77 kiloqram çəkisi olan fəal 11 günlük aclıq aksiyası nəticəsində 10 kiloqram arıqlayaraq onun çəkisi 67 kiloqrama enib.

 

Aclıq nəticəsində fəalın həmçinin qan təzyiqinin kəskin düşdüyü vurğulanır. Bildirilir ki, həbsxana həkimləri azərbaycanlı fəala qida tərkibli sistem vurmaq istəsələr də, Siyamək Mirzayi onların bu tələbini rədd edərək yalnız su qəbul etməklə aclığı davam edəcəyini bildirib. Qeyd olunur ki, fəal, hər gün axşam saat 21-də zindan klinikasına aparılaraq onun səhhəti tibbi nəzarətdən keçirilir və fiziki durumu qeydə alınır.

 

 

Hazırda Tehranın Evin zindanının 8-ci korpusunda saxlanılan Siyamək Mirzayi, qanunsuz həbsinə, zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin müxtəlif bəhanələrlə ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclıq aksiyası keçirir.

 

Xatırladaq ki,  “ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN