Azərbaycanlı milli-mədəni fəallardan ikisi Ettelaat əməkdaşları tərəfindən təhdid edilib

Azərbaycanlı milli-mədəni fəallardan ikisi Ettelaat əməkdaşları tərəfindən təhdid edilib

GünAz TV: Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları azərbaycanlı milli-mədəni fəallar Kiyumərs İslami və Əli Əhmədi ilə telefon əlaqəsi saxlayaraq onlarla təhqiramiz şəkildə danışıb, fəalları təhdid ediblər.

 

Məlumata görə, Parsabad şəhərinin Ettelaat əməkdaşları noyabrın 5-də günorta saatlarında azərbaycanlı fəal K.İslami ilə telefon əlaqəsi saxlayıblar. Məmurlar ilk danışığa başlayanda bildiriblər ki, “sizin bir sıra şəxsi əşyanız 2013-cü ildən burada qalıb, əşyalarınızı təhvil almaq üçün idarəyə müraciət edin.” Azərbaycanlı fəal isə onlara cavab olaraq bildirib ki, artıq o əşyalara ehtiyacı yoxdur.

 

Bu dəfə məmurlar hədələyici tonla vurğulayıblar ki, siz bəzi suallara cavab vermək üçün Ettelaat İdarəsinə müraciət etməlisiniz. K.İslami məmurların tələbini rədd edərək bunun qanunsuz olduğunu, yalnız məhkəmənin rəsmi çağırışı əsasında idarəyə gələ biləcəyini qeyd edib.

 

Ettelaat əməkdaşları digər azərbaycanlı fəal Əli Əhmədi ilə də əlaqə saxlayaraq onu hədələyib və oxşar tələblər irəli sürüblər. Milli-mədəni fəal isə məmurların çağırış tələbini rədd edərək onun qanunsuz olduğunu bildirib.

 

Ə.Əhmədi Mühəqqiq Ərdəbili Universitetinin Şəhriyar Dərnəyinin katibi və universitetin “Görüş” öyrənci nəşriyyəsinin baş redaktorudur.

 

Yuxarıda adları çəkilən fəallar Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və bir çox təzyiqlərə məruz qalıblar.

 

Xatırladaq ki, K.İslami ötən günlərdə də Ettelaat əməkdaşları tərəfindən təhdid edilmişdir.

 

Məmurlar noyabrın 2-i yerli vaxtla saat 10 radələrində azərbaycanlı fəala zəng edərək onunla təhqiramiz tonla danışıb, fəalı hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan siyasi məhbus Siyamək Mirzayiyə dəstək verməkdə günahlandırıblar. Onlar azərbaycanlı fəalla S.Mirzayinin ailəsi arasında olan dostluq münasibətini pozmağa çalışıb, bu barədə onu təhdid ediblər. Məlumata görə, K.İslami Ettelaat əməkdaşlarının təhdidlərinə qarşı öz mövqeyini sonunadək müdafiə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN