Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb

Babək qalası yığıncağında tutulanlar Əhər zindanına köçürülüb

GünAz TV: İyunun 30-da Babək qalası (Bəzz qalası) yığıncağında saxlanılan azərbaycanlı fəallar Əhər zindanına köçürülüb.

 

Fəalar bir həftə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümündə saxlandıqdan sonra iyulun 6-da Əhər zindanına aparılıb.

 

Həbsxanaya salınan Murtaza Pərvin, Əkbər Cahangiri, Rəhim Novruzi və Hamid Rəvacinin iyulun 8-də vəsiqə qarşılığında sərbəst buraxılacağı gözlənilir.

 

Əldə etdiyimiz məlumata görə, Rəhim Zarei və Milad Əkbəri də digər fəalların köçürüldüyü zindana aparılıb, məlumatda onların da vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılacağı deyilir.

 

Son məlumata görə, iyunun 30-da Babək qalası yığıncağında 9 nəfər saxlanılıb. Onların kimliyi bundan ibarətdir:

Əkbər Cahangiri, Murtaza Pərvin, Milad Əkbəri, Rəhim Zarei, Hamid Rəvaci, Rəhim Novruzi, Mir Həsən Babayi, Məhəmməd Mərdi və Məhəmməd Əkbəri.

 

Tutularkən təhlükəsizlik qüvvələri tərəfindən döyülən fəallar saxlandıqları müddətdə sorğu-suala tutulub, onlar dindirilərkən işgəncə edilib.

 

Etibarlı bir mənbə bildirir ki, Kəleybər məhkəməsi fəalların müvəqqəti sərbəst buraxılması üçün vəsiqə qərarı təyin edib, lakin Kəleybər Şəhər Təmin Şurasının müdaxiləsi nəticəsində onların azadlığa buraxılması mümkün olmayıb.

 

İyunun 30-da yüzlərlə Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəmdinin ad gününü qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına yürüş edib. Dinc keçirilən yığıncaq təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb, bir neçə fəal saxlanılıb.

 

Fəallar qalada üzərinə “Siyamək Mirzayi azad olunmalıdır” şüarı yazılmış plakatlar qaldıraraq Siyamək Mirzayi və digər azərbaycanlı fəalların azadlığını tələb edən şüarlar səsləndiriblər. Yığıncaqda şeir oxunub və İran dövlətindən Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətinə son qoyması tələb olunub.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN