Ərdəbildə 5 nəfər azərbaycanlı fəal saxlanılıb

Ərdəbildə 5 nəfər azərbaycanlı fəal saxlanılıb

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində 5 azərbaycanlı fəal Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən saxlanılıb.

 

Fəallar iyulun 28-də hazırda Tehranın evin zindanında saxlanılan azərbaycanlı fəal Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb edən posterlər və bildirilər yayarkən Fələstin xiyabanında yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

Saxlanılan fəalların kimliyi bunlardan ibarətdir: Mehdi Aslani, Məhəmməd Mirzayi, Məcid Musəvi, Milad Abbasi və Tahir (soyadını müəyyənləşdirmək mümkün olmayıb).

 

Son günlərdə Tehran Apellyasiya Məhkəməsinin azərbaycanlı fəal Siyamək Mirzayi ilə bağlı yekun qərarı açıqlanıb.

 

Yekun qərar, iyulun 29-da müvəkkilinin işi ilə bağlı Tehran Apellyasiya məhkəməsinin 36-cı şöbəsinə müraciət edən Siyamək Mirzayinin vəkili Məhəmmədrza Fəqihiyə yazılı şəkildə təqdim edilib. Bildirilir ki, Apellyasiya məhkəməsi Siyamək Mirzayinin işinə yenidən baxaraq ilkin məhkəmənin ona çıxardığı 10 il həbs və 2 il sürgün hökmünü minimuma endirərək onu 3 il həbsə və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

“ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutmuşdular. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülmüşdü. Tehran məhkəməsi, azərbacanlı fəalı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum etmişdi.

 

Siyamək Mirzayi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN