Fərdin Muradpur qardaşı ilə bağlı “Əl-Ərəbiyyə”yə danışıb: “Murtaza Komaya düşə bilər”

Fərdin Muradpur qardaşı ilə bağlı “Əl-Ərəbiyyə”yə danışıb: “Murtaza Komaya düşə bilər”

GünAz TV: 50 gündür Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirməkdə olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun sağlıq durumu olduqca kritikdir.

Bu barədə fəalın qardaşı Fərdin Muradpur “alarabiya.net”ə danışıb.

“Mən son dəfə bazar günü Murtaza ilə danışdım. Onun sağlıq durumu olduqca kritikdir, halsızlıqdan normal danışa da bilmir. Cismi baxımdan çox zəifləyib və çətinliklə nəfəs alır. O komaya da düşə bilər”- deyə F.Muradpur bildirib.

 

“Murtaza ilk öncə normal aclıq edib və 20 kiloqrama qədər çəki də itirib. Lakin ona hər gün sadəcə 3 istəkan su verilirdi, qənd və duz verməkdən də imtina etdikləri üçün, o quru aclıq aksiyasına keçdi”- deyə siyasi məhbusun qardaşı əlavə edib.

 

Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayan fəal bir müddət sonra Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilib, daha sonra isə yenidən Təbriz zindanına qaytarılıb. Fəal Kərəc zindanı və Təbrizə köçürüldükdən sonra xəstəxanaya aparılmaqdan imtina edib, o azad edilməsi ilə bağlı irəli sürdüyü tələbin təmin edilməsini istəyib.

 

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir.

 

Amnesty International son vaxtlar İranın müxtəlif zindanlarında aclıq aksiyası keçirən 8 məhbus, o cümlədən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur haqqında bəyanat yayaraq onların dərhal sərbəst buraxılmasını tələb edib.

Beynəlxalq insan haqları qurumu fəalları əqidə məhbusu adlandırmış, onların sadəcə insani haqlarından istifadə etdikləri üçün həbs edildiyini bildirmişdir.

 

M.Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN