Həbib Sasaniyan məhkəmə iclasına qatılmaqdan imtina edib

Həbib Sasaniyan məhkəmə iclasına qatılmaqdan imtina edib

GünAz TV: Təbriz Mərkəzi zindanının 12-ci korpusunda saxlanılan azərbaycanlı milli-mədən fəal Həbib Sasaniyan məhkəmə iclasına qatılmaqdan imtina edib.

 

Məlumata görə, fəal aprelin 18-də Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsində hakim Baqirpurun sədrliyi ilə keçirilən məhkəmə iclasına qatılmalı idi, lakin o dosyesində bəzi sənədlərin yoxa çıxması səbəbindən çağırışı rədd edərək iclasa qatılmaqdan imtina edib.

 

Proses təxirə salınaraq mayın 15-nə saxlanılıb.

 

Təbriz İnqilab Məhkəməsi uzun müddət cəhddən sonra ötən günlərdə fəalın azadlığa buraxılması üçün bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, lakin onun ailəsi yüksək məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.

 

H.Sasaniyanın müvəqqəti saxlanma müddəti 12-ci aydır ki, Təbrizin İnqilab Məhkəməsi tərəfindən uzadılır. Fəal, uzun müddətdir qanunsuz və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq aprelin 3-də aclıq aksiyasına başladı, məhkəmə aksiyanın 5-ci günündə fəal haqda mülki vəsiqə qərarı çıxardı.

 

Yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkən fəalın şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.

 

Fəal fevralın 4-də səhhəti qəflətən pişləşdiyinə görə həbsxanadan Sina xəstəxanasına aparılmışdır.

 

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

 

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN