İranda məhbus azərbaycanlı fəal Siyamək Mirzayinin ailəsi ETTELAAT tərəfindən təhdid edilib

 İranda məhbus azərbaycanlı fəal Siyamək Mirzayinin ailəsi ETTELAAT tərəfindən təhdid edilib

GünAzTV: İranda milli zəmində apardığı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan tanınmış aərbaycanlı məhbus Siyamək Mirzayinin ailəsi ETTELAAT əməkdaşları tərəfindən təzyiq və təhdidə məruz qoyulub.

 

Siyamək Mirzayinin ailə üzvlərinə yaxın mənbələrdən birinin hüquq müdafiəçilərinə bildirdiyinə görə, son günlər ETTELAAT-ın Ərdəbil əyalətində, o cümlədən də Meşkinşəhr və Parsabad şəhərlərindəki idarəsindən onun atası Qədir Mirzayiyə zənglər gəlib. Telefon danışıqlarında azərbaycanlı məhbusun atasından yerli ETTELAAT idarəsinə gəlməsi tələb edilib. Lakin Qədir Mirzayi onların bu tələbinə məhəl qoymayaraq idarəyə getməkdən imtina edib. Növbəti zənglərdə isə ETTELAA əməkdaşları fəalın atasından Parsabadın parklarından birinə gəlməsini istəyiblər.

 

Bildirilir ki, parkda baş tutan görüşdə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalın atasına deyiblər ki, əgər oğlu tövbə etsə onu ən qısa bir zamanda azadlığa buraxacaqlar. Həm də bildiriblər ki, Siyamək Mirzayinin indiki vəziyyətinin davam etdirilməsinin əsas səbəblərindən biri, onun xanımı Vəhidə Kəriminin rəftarı və onun müxtəlif tədbir və mərasimlərə qatılmasıdır.

 

Məlumatda bildirilir ki, fəalın atası Qədir Mirzayi, ETTELAA əməkdaşlarına oğlunun hər hansı bir cinayət törətmədiyinə görə tövbə etməyəcəyini vurğulayıb. O həm də bildirib ki, əgər gəlini hansısa bir qanunsuz addım atıbsa, bu işə məhkəmə orqanlarının hökmü və qanuni yollarla baxmaq lazımdır. Məlumatda həmçinin bildirilir ki, eyni zənglər son aylar Siyamək Mirzayinin bacısına da gəlib və o da ETTELAAT əməkdaşları tərəfindən təzyiqə məruz qoyulub.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini  2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Məhkəmənin hakimi Bəhram Həsəni isə Siyamək Mirzayinin müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, fəalın vəkilləri  təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışırlar.  Lakin, onların bu cəhdi hələ ki, nəticəsiz qalıb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN